Son günlər Ankarada ABŞ liderliyindəki koalisiya qüvvələrinin Türkiyənin Suriya əməliyyatlarına dəstək verməməsinə görə İncirlik hərbi hava bazasının bağlanması məsələsi müzakirə edilməyə başlanıb.
Baki-xeber.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, İncirlik bazasının bağlanması məsəsləsi prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Nazirlər Kabinetinin builki ilk toplantısında da gündəmə gəlib. Məlumata görə iclasda bəzi nazirlər İncirlik bazasının bağlanmasını təklif edib. Onlar fikrini onunla əsaslandırıb ki, terror hadisələri ABŞ İŞİD-ə qarşı İncirlik bazasından istifadə etməyə başlayandan sonra artıb.
Türkiyə milli müdafiə naziri Fikri İşıq bildirib ki, koalisiya qüvvələrinin Əl Bab əməliyyatında Türkiyə Silahlı Qüvvələrinə (TSK) dəstək verməməsi düşündürücüdür: “Koalisiyanın dəstək verməməsi, İncirlik bazası ilə bağlı da suallara yol açır".
"Xüsusilə NATO-da uzun illər birlikdə olduğumuz ölkələrin, koalisiya ölkələrinin İŞİD-ə qarşı mübarizədə son dərəcə kritik bir yer olan El Babada Türk Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusunun bu əməliyyatına dəstək verməməsi düşündürücüdür.
Ümid edirik ki başda ABŞ olmaqla bütün koalisiya qüvvələri, Türkiyənin Fırat Qalxanı əməliyyatına ehtiyac duyduğu hava və digər dəstəyi verir” – deyə nazir bildirib.
Baş nazir Binali Yıldırım da ABŞ-ı Türkiyə üçün əhəmiyyətli müttəfiq olduğunu deyib: "Hər sahədə əməkdaşlığımız var. Amma indi bir reallıq var; İnam böhranı. El Babda hava dəstəyini görə bilmədik. Xalqımız “İncirlik bazasını niyə saxlayırsız?” deyir".
Türkiyə Prezidenti Aparatının sözçüsü İbrahim Kalın isə bildirib ki, Türkiyənin bölgədə İŞİD-lə apardığı mübarizəyə müttəfiqləri də dəstək verməlidir: “Bölgədə terror dəhlizinin yaranmasına imkan verməyəcəyik. ABŞ Suriya müxalifətinə verdiyi sözü yerinə yetirsəydi, Hələbdə qətliam olmazdı. İncirlik bazasını bağlamaq hüququmuz var, amma əvvəlcə şərtlər dəyərləndirilməlidir”.
ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin sözçüsü polkovnik Con Dorrian, İncirlik bazasının İŞİD-lə döyüşdə əvəzsiz olduğunu və Əl Babla bağlı Ankara ilə diplomatik danışıqların davam etdiyini açıqlayıb. Koalisiya qüvvələrinin İncirlik hərbi bazasından istifadəsinin məhdudlaşdırıla biləcəyinə gəlincə, Dorrian, ABŞ və Türkiyə, eləcə də koalisiya ölkələri arasında yüksək səviyyəli danışıqların davam etdiyini deyib.
Qeyd edək ki, Ərdoğan, 29 dekabrda ABŞ-ın liderlik etdiyi anti-IŞİD koalisiyasının, Fırat Qalxanı əməliyyatına Əl Babda hava dəstəyi vermədiyini deyib. Xarici işlər naziri Mevlüd Çavuşoğlu isə elə həmin gün koalisiya qüvvələrinin uzun bir müddətdən sonra Əl Babda İŞİD-i vurduğunu bəyan edib. Ancaq ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Cuk, Çavuşoğlunu təkzib edib. Deyib ki, koalisiya təyyarələri Türkiyənin istəyilə havaya qalxıb, bölgədə uçuşlar aparıb və İŞİD-i vurmayıb".
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Türkiyə və Rusiyanın Əl Babda İŞİD-ə qarşı iş birliyindən də xəbərsiz olduğunu deyib və bildirib ki, bunu türk və rus rəsmilərindən soruşmaq lazımdır.
Qeyd edək ki, son günlər Rusiya hərbi təyyarələri Türkiyənin əməliyyat keçirdiyi Əl Bab bölgəsində İŞİD mövqelərini bir neçə dəfə bombalayıb.