İstanbulda Yeni il gecəsi “Reina” gecə klubunda olan Səudiyyə Ərəbistanı vətəndaşı Hasan Kaşıkçı klubda insanlara atəş açan terrorçuların 3 nəfər olduğunu bildirib. APA-nın məlumatına görə, “Al Arabiya” telekanalına müsahibə verən H. Kaşıkçı deyib ki, terror aktından 40 dəqiqə əvvəl həyat yoldaşı Məryəmlə “Reina” gecə klubuna gedib.
Səudiyyə Ərəbistanının məşhur iş Adamı Adnan Kaşçıkçının qardaşı oğlu olan H. Kaşıkçı bildirib ki, gecə klubunda qəfil atəş səsləri gəlməyə başlayıb. H. Kaşıkçı gecə klubunda atəş açanların 3 nəfər və onlardan birinin qadın olduğunu söyləyib. Terrorçular tək-tək masalara yaxınlaşıb, həmin masa ətrafında olanları güllələdikdən sonra digər masalara yönəliblər. H. Kaşıkçı və həyat yoldaşı Məryəm dənizə atılaraq xilas olublar. Səudiyyə Ərəbistanından olan başqa bir qız isə dənizə atılmaq istəyərkən güllələnib. H. Kaşıkçı və həyat yoldaşı sudan çıxdıqdan sonra bir anbara sığınıb, dərhal Ciddədəki qardaşına zəng edib, polis tərəfindən xilas edilmələrini gözləyiblər. Səudiyyə Ərəbistanının rəsmiləri Türkiyə polisi ilə əlaqə saxlayıb, H. Kaşıkçı və həyat yoldaşının olduğu anbar barədə məlumat veriblər. H. Kaşıkçı anbarda gizlənərkən çəkdiyi bir vedeogörüntünü də paylaşıb.
Bu arada Türkiyədə yeni il gecəsi "Reina" gecə klubuna hücum edən şəxsin milliyyəti məlum olub. Bu barədə baş nazirin köməkçisi Veysi Kaynak açıqlama verib. O bildirib ki, terrorçunun milliyətcə uyğur olma ehtimalı yüksəkdir.
Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01.15 (Bakı vaxtı ilə 02.15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 yaralı var.
Ölənlərdən biri Rusiya vətəndaşı olan azərbaycanlı, yaralılardan ikisi isə Azərbaycan vətəndaşıdır.