Suriya münaqişəsi ilə bağlı danışıqlar Astanada yanvarın 23-də keçiriləcək. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə açıqlamasında deyib.
M.Çavuşoğlu deyib ki, danışıqlara hazırlıq məsələlərinin müzakirə olunması üçün rusiyalı ekspertlər yanvarın 9-10-da Türkiyədə səfərdə olacaqlar.
Onun sözlərinə görə, əgər Bəşər Əsədin tərəfdarları, şiələr və “Hizbullah” Suriyada atəşkəs razılaşmasının pozulmasını dayandırmasalar, Astana danışıqları baş tutmaya bilər: “Suriyada atəşkəs sazişinin pozulması faktları qeydə alınır. Bunların arxasında “Hizbullah” silahlıları, dini qruplaşmalar və hökumət qüvvələri dayanır”.
M.Çavuşoğlu qeyd edib ki, İran da Suriya münaqişəsinin həllində qarant ölkə kimi bunun qarşısını almaqda öz öhdəliklərini yerinə yetirməlidir.