İsrail polisi yaxın 3 gün ərzində Baş nazir Benyamin Netanyahunun barəsində olan korrupsiya ittihamı ilə bağlı ifadəsini alacaq.
Baki-xeber.com-un xəbərinə görə. bu barədə İsrailin “Haarets” qəzeti yazır. Ölkə telekanalları isə polis sorğulamasının bu gün Baş nazirin iqamətgahında baş tutacağı barədə xəbər yayıb. Xəbərə görə, Netanyahu və ailə üzvləri iş adamlarından 100 min şekel dəyərində hədiyyə almaqda şübhəli bilinir. Xəbərdə deyilir ki, polis artıq ölkə içində və xaricdə bir çox şahidləri dindirib. Bildirilir ki, onlardan biri – Baş nazirin köhnə dostu olan iş adamı Ron Lauderin dindirilməsindən sonra istintaqda irəliləyiş baş verib. Belə ki, o, Netanyahuya müxtəlif qiymətli hədiyyələr verdiyini təsdiqləyib. Hətta bildirib ki, onun oğlu Yairin xaricə səfərinə sponsorluq edib.
Hüquq-mühafizə orqanları bu istintaqın daha bir, hətta çox önəmli məsələnin üzərinə işıq salacağına əmindir, lakin bu məsələnin nədən ibarət olduğu açıqlanmır.
Baş nazirin özü isə bütün deyilənləri təkzib edib. “Onlar heç nə əldə edə bilməyəcək, çünki ortada heç bir şey yoxdur”- o deyib.