ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp indiki administrasiyanın Kremlin ünvanına səsləndirilən ittihamlarını Amerika kəşfiyyat nümayəndələri ilə müzakirə edəcək.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Trampın yaydığı bəyanatda bildirlir
O, bildirib ki, ölkəsinin və onun böyük xalqının marağından çıxış edərək bu vəziyyət barədə yeni məlumatlar əldə etmək məqsədilə növbəti həftə FBI, ABŞ Daxili Təhlükəsizlik Xidməti və digər kəşfiyyat xidmətlərinin nümayəndələri ilə görüşəcək. O əlavə edib ki, ABŞ irəli getməli və "daha vacib işlərlə məşğul olmalıdır".
Qeyd edək ki, cümə axşamı axşam saatlarında hazırkı prezident Barak Obama seçki kampaniyası zamanı ABŞ Demokrat partiyasının serverlərinə rus hakerləri tərəfindən edilən kiberhücumlarla bağlı Vaşinqton və San-Fransiskodan 35 rus diplomatının ölkədən çıxarılması barədə qərar verib.
ABŞ, həmçinin, aralarında Rusiya kəşfiyyat xidmətinin rəhbər və müavinlərinin də olduğu 6 Rusiya vətəndaşı və 5 şirkətə qarşı sanksiya tətbiq edib.
Amerika Maliyyə Nazirliyi isə Merilənddəki və Nyu-Yorkdakı Rusiya diplomatik missiyalarına məxsus diplomatik bağ evlərinin bağlandığını bəyan edib. Amerika hökumətinin fikrincə, bu komplekslər kəşfiyyat məqsədilə istifadə olunub.
Donald Trampın müşaviri və onun seçki qərargahının sabiq başçısı Kellyanne Konvay isə CNN-ə müsahibəsində bildirib ki, Obama administrasiyası sanksiyalar tətbiq edərək seçilmiş prezidenti "küncə sıxışdırmaq" və onun Rusiyaya münasibətdə fəaliyyət azadlığını məhdudlaşdırmağa çalışır.
Tramp əvvəllər də Amerika kəşfiyyatının Demokrat partiyasının serverlərinə məhz rusiyalı hakerlərin hücum etməsi barədə iddialarına şübhə ilə yanaşıb. Bununla belə, ABŞ Konqresindəki bir çox yüksək vəzifəli respublikaçılar yeni sanksiyaların tətbiqini dəstəkləyib.
Moskva isə bu ittihamları inkar edir və artıq Birləşmiş Ştatlar tərəfindən qəbul edilən tədbirlərə adekvat cavab tədbirlərinə başlayıb. Rusiya xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinə ABŞ-ın addımına adekvat cavab vermək tələbilə müraciət edib. Lavrovun verdiyi məlumata görə, Putinə verilən siyahıda ABŞ-ın Moskva səfirliyindən 31, Sankt-Peterburq konsulluğundan isə 4 diplomat yer alır. Beləliklə, rəsmi Moskvanın da 35 ABŞ diplomatını ölkədən çıxaracağı gözlənir.
Bundan başqa, Moskvadakı Amerika məktəbi və yay evi bağlanıb. Məktəbdə ABŞ, Britaniya və Kanadanın Rusiyadakı səfirlik əməkdaşlarının uşaqları təhsil alırmış. ABŞ səfirliyinin Moskva yaxınlığındakı yay evi də qapadılıb.