Rusiya ABŞ-ın rus diplomatları ölkədən çıxarmaq və yeni sanksiya qərarlarına reaksiya verib. Baki-xeber.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın yeni sanksiyalarına uyğun cavab veriləcəyini deyib.
Moskvanın ABŞ-a verəcəyi cavabın necə olacağına isə Rusiya prezidenti Vladimir Putin qərar verəcək. Kremlin sözçüsü ABŞ-ın sanksiya qərarının gözlənilməz və aqressiv olduğunu bildirib: "Hazırda bu açıqlamaları və yayılan məlumatı araşdırırıq. Detalları anlamağa çalışırıq. Daha əvvəl də söylədiyimiz kimi, bu cür qərarları və bu cür sanksiyaları əsassız və beynəlxalq hüquq baxımından qanunsuz sayırıq".
Getməsinə 3 həftə qalan Obama administrasiyasının, onsuz da pis vəziyyətdə olan ikitərəfli əlaqələri tamamilə pozmaq məqsədi güddüyünü deyən Peskov, "Başqa bir məqsədləri isə yeni administrasiyanın xarici siyasət planlarına zərbə endirməkdir ki, bu ABŞ-ın daxili problemidir" – deyə bildirib.
ABŞ-ın kiber hücumlarla bağlı ittihamlarını qəbul etmədiklərini deyən Kreml sözçüsü bildirib ki, Rusiyanın cavab reaksiyası ABŞ üçün narahat edici olacaq: "Buna görə tələsməyə ehtiyac yoxdur".
Putinlə Obama arasında telefon danışığının olub-olmayacağına gəlincə, Peskov, Rusiya liderinin bu mövzuda tələsik addım atacağını düşünmədiyini deyib. Sanksiyalardan əvvəl ABŞ rəhbərliyinin Kremllə ünsiyyət yaratmadığını söyləyən Peskov, Vaşinqtonun olduqca aqressiv açıqlamalar verdiyini deyib.