“Reuters”-in xəbərinə görə, Türkiyə, Rusiya və İran Suriyanı özlərinin qeyri-rəsmi təsir zonalarına bölmək barədə razılığa gəlib.
Baki-xeber.com xəbər verir ki, Agentlik bu barədə özünün anonim mənbələrinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, sözügedən razılaşma hələlik “rüşeym halındadır”. Razılaşmanın detallarını açan nəşr yazır ki, burada Suriyada regional avtonomiyaların yaradılması nəzərdə tutulur. Həmin federal strukturlar isə Bəşər Əsədin nəzarətində olacaq. Üstəlik “Reuters” bildirir ki, Əsəd bununla 2021-ci ildə baş tutacaq növbəti prezident seçkilərinə qədər hakimiyyətdə qalacaq.
Agentlik bildirir ki, həmin anlaşmaya görə, İran Livan şiələrinin “Hizbullah” təşkilatını silahla təchiz etməsi üçün yerüstü dəhlizin saxlanmasını istəyir. Türkiyə isə hazırda kürdlərin nəzarətində olan şimal sərhədləri boyunca nəzarəti ələ almaq niyyətindədir. Sözügedən məsələdə Rusiyanın mövqeyinə bələd gizli mənbə deyib ki, bu sxem həm Suriya hökuməti, həm Fars Körfəzi ölkələri, həm də ABŞ-la razılaşdırılmalıdır.
Daha öncə Türkiyə KİV-i xəbər vermişdi ki, Suriyada münaqişə tərəfləri arasında dekabrın 29-dan atəşkəs elan olunması ilə bağlı Türkiyə ilə Rusiya arasında plan hazırlanıb. Lakin bu atəşkəs terror örgütləri ilə mübarizəyə aid edilməyəcək.