Rusiya ABŞ-ın Suriyadakı müxaliflərə silah göndərilməsilə bağlı məhdudiyyətləri aradan qaldırmasına sərt reaksiya verib. Baki-xeber.com xəbər verir ki, Moskva Obamanı, yeni prezident Donald Tramp vəzifəsinin icrasına başlayana qədər dünyadakı vəziyyəti qarışdırmaqda ittiham edib.
Rusiya müdafiə xərcləri haqqında qanuna Suriya qiyamçılarına səyyar təyyarə vuran raketlərinin verilməsini mümkün edən maddə əlavə edilməsini sərt şəkildə tənqid edib. ABŞ-ın Suriyadakı müxaliflərə silah təchizatının düşməncə bir davranış olduğunu ifadə edən Moskva, bu hərəkətin Rusiya döyüş təyyarələri və ordusuna qarşı birbaşa təhdid yaratdığını deyir. Moskva iddia edir ki, qiyamçlılar bu silahlardan Rusiya və Əsəd aviasiyasına qarşı istifadə edəcəklər.
Bundan başqa Rusiya ABŞ-ın illik müdafiə xərcləri haqqında qanununu da kəskin tənqid edib. Moskva bildirir ki, Barak Obama bu qanunla Trampı “anti-Rusiya” mövqeyi tutmağa məcbur edir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Obama administrasiyasını gələcək Tramp administrasiyasının altına minalar basdırmaqda ittiham edib.
Zaxarova deyib ki, Obama administrasiyası habelə özünün son günlərində Rusiya üzərinə qoyulmuş sanksiyaları məqsədli şəkildə gücləndirir və genişləndirir. Onun sözlərinə görə, Obamanın məqsədi ABŞ və Rusiya arasında mövcud olan nüvə paritetini pozmaqdır.
Bu qanun ötən həftə prezident Barack Obama tərəfindən təsdiq edilib. Obama 618, 7 milyard dollarlıq bu qanunun respublikaçıların nəzarətində olan Konqresdən keçməsinə nail ola bilib.
Zaxarova həmçinin ABŞ prezidentinə bütün dünyada insan haqlarını pozanlara qarşı sanksiyalar tətbiq etmək hüququ verən Qlobal Maqnitski Aktının qəbul edilməsini də pisləyib. O, deyib ki, Qlobal Maqnitski Qanunu Vaşiqntona xoşlanmadığı hökumətləri cəzalandırmaq imkanı verəcək və bütün dünyada “amerikasayağı demokratiyanın” yayılması siyasətini legtimləşdirəcək.
Onu da qeyd edək ki, ABŞ prezidenti kimi vəzifəsinə yanvarın 20-də başlamalı olan Donald Tramp hələ seçki kampaniyası dövründən Moskva ilə münasibətləri yaxşılaşdıracağını vəd edib.