"Koalisiya qüvvələri verdikləri sözə əməl etmir. Bu olsa da, olmasa da biz yolumuza qərarlı şəkildə davam edirik. Bu yoldan geri dönmək mümkün deyil". Baki-xeber.com xəbər verir ki, bu barədə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fırat Qalxanı əməliyyatı barədə danışarkən deyib.
Ərdoğan ABŞ liderliyindəki koalisiya qüvvələrinin İŞİD-ə qarşı əməliyyatlara dəstək vermədiyini deyib: "İŞİD terror təşkilatını biz El Babda hazırda dörd bir tərəfdən mühasirəyə almışıq. Koalisiya qüvvələri verdikləri sözə təəssüf ki əməl etmir. Verilən söz fərqli idi, amma indi fərqli addımlar atırlar”.
Ərdoğan koalisiya qüvvələrinin əvvəllər İŞİD-ə qarşı sona qədər mübarizə aparacaqlarını dediklərini xatırladaraq indi buna əməl etmədiklərini deyib: “Hətta bizi də İŞİD-ə dəstək verməklə günahlandırırdılar. İndi tam əksinə terror təşkilatlarına, İŞİD də daxil olmaqla, YPG, PYD-yə dəstək verirlər. Bu gün kimi ortadadır. Əlimizdə bunları təsdiq edən fotolar, videolar var. Ancaq biz geri dönməyəcəyik”.