Moskva və Ankara bütün Suriya ərazisində atəşkəs və gələn ay Qazaxıstan paytaxtı Astanada sülh danışıqlarının keçirilməsilə bağlı razılığa gəlib. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu məsələni telefonla müzakirə edərək razılığa gəlib. Daha sonra isə Çavuşoğlunun iranlı həmkarı Cavad Zəriflə telefon danışığı olub.
“İnterfaks” isə xəbər verir ki, Lavrov Astana görüşü ərəfəsində Suriya hökumətinin müxaliflərlə görüşdüyünü bildirib. Ancaq Lavrov, danışıqların harada keçirildiyinə dair məlumat verməyib. “Ria Novosti” agentliyi də diplomatik mənbələrə istinadən, Ankarada silahlı müxalif qruplarla danışıqlar başladığı barədə məlumat yayıb. Başqa bir hərbi mənbə isə, rejimlə müxaliflər arasında keçiriləcək Astana danışıqlarına yalnız hərbi gücü olan qruplar qatılacağını deyib.