BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Baki-xeber.com xəbər verir ki, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) 14 üzvü ölkənin dəstəyilə qətnamə qəbul edilib.
İndiyə qədər BMT TŞ-də İsraili müdafiə edən və 2011-ci ildə İsrailin məskunlaşma fəaliyyətlərini qınayan qərar layihəsini veto edən ABŞ isə İsrailə qarşı bu səsvermədə ilk dəfə bitərəf mövqe tutub.
Məsələyə münasibət bildirən İsrailin enerji naziri Yuval Steinitz səsvermədə bitərəf qalan ABŞ-ın İsraili tərk etdiyini deyib: "Bu məskunlaşmalara qarşı bir layihə deyil, bu İsrail əleyhinə bir layihədir. Yəhudi xalqına və yəhudi dövlətinə qarşı layihədir. ABŞ sadə şəkildə Yaxın Şərqdəki yeganə dostunu tərk etdi" – deyə israilli nazir bildirib.
Onu da qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp BMT TŞ-nın iclasından əvvəl Vaşınqton tərəfindən qətnaməyə veto qoyulmasına çağırıb.