BMT Təhlükəsizlik Şurası İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib. Baki-xeber.com xəbər verir ki, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) qətnamə qəbul edilib.
Misir tərəfindən çərşənbə günü BMT TŞ-yə təqdim edilən, daha sonra yenə Misirin tələbilə təxirə salınan səsvermə, bu dəfə qətnaməyə dəstək verən Yeni Zelandiya, Malayziya, Venesuela və Seneqal tərəfindən yenidən BMT TŞ-nin gündəminə gətirilib.
BMT Təhlükəsizlik Şurasında qəbul edilən qərara əsasən, İsrail Şərqi Qüds də daxil olmaqla Fələstin torpaqlarında məskunlaşma fəaliyyətlərinə son qoymalıdır, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır və Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.
Maraqlıdır ki, indiyə qədər BMT TŞ-də İsraili müdafiə edən və 2011-ci ildə İsrailin məskunlaşma fəaliyyətlərini qınayan qərar layihəsini veto edən ABŞ, İsrailə qarşı bu səsvermədə ilk dəfə bitərəf mövqe tutub.
BMT TŞ-nin qərarını İsrail rəhbərliyi sərt etirazla qarşılayıb. Baş nazir Benyamin Netanyahunun mətbuat katibliyi bəyan edib ki, rəsmi Tel-Əviv BMT TŞ-nin qətnaməsinə əməl etməyəcək: “İsrail BMT Təhlükəsizlik Şurasının qərəzlə dolu qətnaməsini rədd edir və ona əməl etmək niyyətində deyil”.