İŞİD xaricdəki Rusiya diplomatlarının “ölüm siyahısı”nı hazırlayıb. Baki-xeber.com xəbər verir ki, bu iddia ilə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov çıxış edib.
Federasiya Şurasının iclasında danışan Umaxanov deyib ki, bununla bağlı dərhal təhlükəsizlik tədbirləri görülməlidir: "İŞİD və digər terror təşkilatlarının bir “ölüm siyahısı" hazırladığı barədə məlumatlar gündəmə gəlir. Bu məlumatlar doğru olmaya da bilər. Ancaq beynəlxalq və müdafiə komitələrinə xaricdəki diplomatik qurumlarımız, bu təşkilatlarda çalışanlar və onların ailələrinin təhlükəsizliyinin artırılması ilə bağlı bir protokol göndərməyi təklif edirəm".
Belə siqnallara mütləq cavab verilməli olduğunu deyən Umaxanov bildirib ki, Türkiyədəki səfir Andrey Karlovun öldürülməsi də terror təhdidinin gücləndiyini göstərir.