Rusiya prezidenti Vladimir Putin Moskvada hər ilin sonunda təşkil etdiyi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Baki-xeber.com xəbər verir ki, Putin Türkiyə ilə əlaqələr, səfir Andrey Karlov sui-qəsdi, Suriyadakı son vəziyyət, ABŞ-da prezident seçkiləri, Rusiya iqtisadiyyatı da daxil olmaqla 67 suala cavab verib. Mətbuat konfransı 3 saat 50 dəqiqə davam edib.
Putin ənənəvi mətbuat konfransında diqqətçəkən mesajlar verib. O bildirib ki, 2015-ci ildə rus təyyarəsinin Türkiyə prezidentinin bilgisi olmadan vurulması barədə şübhələri olsa da, səfirin qətlindən sonra fikirləri dəyişib: "Karlovun öldürülməsi Rusiya-Türkiyə əlaqələrini pozmağa yönəlmiş bir addım idi. Rusiya təyyarəsinin vurulmasından sonra bu əmri verənlərin məqsədinin Rusiya-Türkiyə əlaqələrini pozmaq olduğu barədə açıqlamalara şübhə ilə yanaşırdım. Lakin artıq fikrimi dəyişmişəm".
Putin "mənə hər şey mümkün kimi görünür" deyib və əlavə edib ki, dağıdıcı qüvvələrin, Türkiyə ordusu da daxil olmaqla, dövlət quruculuğunun içinə "dərindən" sızdığı görünür. Karlovun sui-qəsdinin Türkiyə - Rusiya münasibətlərinə zərər vermək məqsədi daşıdığını bildirən Rusiya lideri bunun mümkün olmayacağını söyləyib.
Putin yerli və xarici 1400 jurnalistin qatıldığı mətbuat konfransında deyib ki, Türkiyə, Rusiya, İran və Əsədin (Suriya prezidenti) xoş niyyəti olmasaydı, Hələbi azad etmək mümkün olmazdı: “Bundan sonrakı addım bütün Suriyada atəşkəslə bağlı razılıq əldə etməkdir. İran, Əsəd və Türkiyə suriyalı tərəflərin gələn ay Astanada görüşməsi barədə razılığa gəlib".
ABŞ-la bağlı isə o bildirib ki, Tramp və onun komandasının timsalında ABŞ-la konstruktiv münasibətlər qurmaq istəyir.