Kreml Rusiya və ABŞ arasında az qala bütün kommunikasiya kanallarının dondurulduğunu bildirib. Baki-xeber.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov «Mir TV»yə müsahibəsində deyib.
O, deyib ki, Kremllə Vaşinqton arasında bütün səviyyələrdə danışıqlar dondurulub və Moskva buzların tezliklə əriyəcəyini gözləmir. Onun sözlərinə görə, tərəflər ya heç danışmır, ya da minimal danışıqlar aparırlar.
Peskov bəyan edib ki, Moskva Donald Trampın gəlişi ilə ABŞ administrasiyasının NATO-nun genişləndirilməsindən dərhal imtina edəcəyini gözləmir və buna görə də Birləşmiş Ştatlarla bütün kommunikasiyalar kəsilib. Peskov buna iki məsələnin - NATO-nun genişlənməsinin və Rusiyaya qarşı sanksiyaların səbəb olduğunu söyləyib.
Dövlət Departamentinin sözçüsü Con Kirbi isə Peskovun dediklərini təkzib edib və fikir ayrılıqlarına baxmayaraq, Vaşinqtonun Moskva ilə dialoqu davam etdirdiyini söyləyib: "Xüsusilə ən çox əhəmiyyətə malik ana mövzularda dialoq davam edir".
O, Peskovun “kommunikasiya kanalları dondurulub” deyərkən nəyi nəzərdə tutduğunu bilmədiyini deyib: "Biz, Vaşinqtonla Moskva arasındakı dialoqu bu şəkildə görmürük".
"The Independent" yazır ki, Moskva NATO-nun genişlənməsinin həmişə əleyhinə çıxıb. Qeyd edilir ki, Rusiyanın bu bəyanatı prezident Obama da daxil bir sıra ABŞ rəsmilərinin Rusiyanın, prezident seçkisi zamanı Hillari Klintonun elektron poçtuna haker hücumunun arxasında durmasına dair bəyənatlarla çıxışından sonra səslənib. Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi və Federal Təhqiqatlar Bürosu da haker hücumunun Rusiya hakimiyəti tərəfindən təşkil edildiyini bildirmişdilər. Respublikaçı senator Con Makkeyn deyib ki, Rusiyanın ABŞ sistemlərinə bu sayaq haker hücumları demokartiyanı onun hazırkı formasında məhv edə bilər. O, Amerika rəhbərliyini Rusiya ilə münasibətləri yaxşılaşdıra bilməməkdə günahlandırıb və əlavə edib ki, tezliklə dünya nizamının pozulması baş verə bilər.
Bir məqamı da qeyd edək ki, ötən ay Tramp seçki kampaniyası zamanı verdiyi bir sıra hay-küylü və ziddiyyətli bəyanatalardan geri çəkilib. Məsələn seçki kampaniyası zamanı o, NATO-nu "köhnəlmiş" təşkilat adlandırmışdı. Lakin bundan sonra o NATO-nun baş katibi Yens Stoltenberqə deyib ki, alyansa güclü şəkildə inanır.
Tramp seçki kampaniyası zamanı Rusiya ilə münasibətləri yoluna qoyacağına, terrorla Moskvayla birgə mübarizə aparacağına söz verib. Ancaq Peskovun son açıqlaması Kremlin artıq Trampın verdiyi sözə əməl edəcəyinə şübhə ilə yanaşdığına işarə edir.