Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulova İŞİD terrorçu qruplaşmasına qoşulmaq məqsədilə ölkədən qaçmaq cəhdilə bağlı məhkəmə qarşısında durmalı olub.
Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, Moskva Dairə Məhkəməsi “İslam dövləti” terrorçu qrupuna qoşulmaq istəyən Varvara Karaulova barəsində 4 il altı aylıq həbs qərarı çıxarıb. Xəbərdə o dabildirilir ki, MDU tələbəsi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Hakim Aleksandr Ababkovun açıqlamasına görə, tibbi ekspertiza radikal baxışları ilə seçilən Karaulovada heç bir ruhi dəngəsizlik aşkarlamayıb.
Qeyd edək ki, daha öncə prokuror onun barəsində 5illik həbs cəzası və 150 min rubl cərimə cəzası istəmişdi. O bildirmişdi ki, snayper və ya intiharçı-kamikadze olmaq istəyən tələbə qız ictimaiyyət üçün real təhlükə deməkdir. Məhbus tələbə isə belə bir fikrinin olmadığını, sadəcə sevgilisinin yanına gedərək (!) onunla evlənmək niyyətində olduğunu deyib.
Xatırladaq ki, sonradan adını dəyişərək Aleksandra İvanova olmuş Varvara Karaulova 2015-ci ilin oktyabrında İŞİD-ə qoşulmağa cəhd edərkən yaxalanıb. O zaman Universitetin ikinci kursunda təhsil alan Karaulova valideynlərindən xəbərsiz şəkildə İstanbula gedir və orada İŞİD-ə qoşulmaq istədiyi ehtimal olunan dəstənin tərkibində saxlanaraq Rusiyaya qaytarılır. Lakin Moskvaya qayıtsa da,Karaulova terrorçularla əlaqə saxlamaqda davam edir. Hətta Suriya qaçmaq üçün ikinci plan üzərində işləyir.