Dünyanın əsas gündəminə çevrilən Suriyanın Hələb şəhərində insanların bölgədən çıxarılması prosesi təxirə salınıb. Baki-xeber.com xəbər verir ki, insanları bölgədən çıxaran avtomobil karvanına atəş açılıb.
Şəhərin çıxışında şiə silahlılar isə avtomobil karvanında 800 nəfəri girov götürüb. Başqa bir məlumata görə, Əsədi dəstəkləyən silahlı qruplar insanların bölgədən çıxarılması zamanı atəş açıb, nəticədə girov götürdükləri 14 mülki şəxs həlak olub.
Qeyd edək ki bundan əvvəl Rusiya insanların bölgədən tam çıxarıldığını bəyan etmişdi, ancaq Türkiyə silahlı müxaliflərin hələ də şəhərdən ayrılmadığını bildirir.
Ankara Hələbdən azad çıxarılanların sayının 8 minə yaxınlaşdığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyinin rəsmilərindən biri isə Hələbdən çıxarılanların hamısının Türkiyəyə yerləşdirilməsinin təhlükəsizlik baxımından risqli olduğunu deyib.
Bu arada Rusiya prezident Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya sülh danışıqlarının yeri ilə bağlı razılaşdıqlarını açıqlayıb. Putinin sözlərinə görə, Moskva və Ankara Suriyadakı tərəflərə Qazaxıstanın paytaxtı Astananı təklif edəcək. Putin, sonrakı addımın bütün Suriyada atəşkəsi razılaşması əldə etmək olduğunu deyib.