İllər ərzində davam edən mübahisədən sonra, Avstriya parlamenti Adolf Hitlerin 1889-cu ildə doğulduğu evin müsadirəsi barədə qanun layihəsini dəstəkləyib.
Baki-xeber.com xəbər verir ki evin sahibi Gerlinde Pommer Yuxarı Avstriya əyalətinin Braunau am İnn şəhərində yerləşən evi 2011-ci ildə bəri satmaqdan və ya təmir etməkdən dəfələrlə imtina edib.
Ev Pommerdən satın alınacaq. Lakin hökumətin qonaq evi kimi istifadə edilən bina ilə bağlı planları barədə məlumat yoxdur.
Hakimiyyət ehtiyat edir ki, ev neo-nasistlərin mərkəzinə çevrilə bilər. Buna görə hökumət ev sahibinə illərlə səxavətli kirayə haqqı odəyib. O, hər ay 4 min 500 avro kirayə haqqı alıb.
Parlamentin qərarı, artıq təqaüdə çıxan Pommerin və hökumətin illərlə sürən mübahisəsinə son qoyur.
Keçmişdə, ev yerli xeyriyyə təşkilatı və xüsusi ehtiyacları olan insanlar üçün mərkəz kimi istifadə olunub. Lakin bir neçə il əvvəl, Pommer evin təmirinə icazə vermədikdən sonra, xeyriyyə təşkilatı evi tərk etməyə məcbur olub.
Binanın gələcəyi ətraflı müzakirəyə səbəb olub. Bəziləri binanın uçurulmasını tələb edib, digərləri isə onun yeni məqsədlərlə istifadə edilməsini təklif edib. Evin uçurulmasını istəyənlər arasında, Avstriyanın daxili işlər naziri Voflqanq Sobotka da var.
Tarixçilərdən ibarət komissiya evin dağıdılma təkliflərini nasist tarixinin suallarından qaçınmaq kimi qiymətləndiriblər. Bir neçə mədəniyyət təşkilatı şəhərin qədim mərkəzində yerləşən binanın tarixi abidə kimi qorunmalı olduğunu deyir.
Adolf Hitler 1989-cu il 20 apreldə Avstriya-Almaniya sərhədi yaxınlığındakı binanın üst mərtəbəsində, kirayə edilmiş otaqda doğulub və 3 yaşına qədər burada yaşayıb.
Nasistlərin hakimiyyəti dövründə Hitlerin evi onun tərəfdarları üçün böyük əhəmiyyətə malik olub və çox sayda turistlər cəlb edib. Lakin, nasistlərin məğlubiyyəti yaxınlaşdıqca, ev 1944-cü ildə bağlanmışdı.