Rusiya prezidenti Vladimir Putin Hillari Klintondan qısas almaq məqsədilə ABŞ seçkisinə haker müdaxiləsinin müəyyən elementlərinə şəxsən başçılıq edib. Bu barədə “NBC News” məlumat yayıb.
Rusiya lideri Demokratlardan sızdırılan məlumatların necə istifadə ediləcəyinə bağlı şəxsən təlimat verdiyi iddia edilir. ABŞ kəşfiyyat orqanları da deyir ki, onlarda demokratlardan oğurlanmış materialların necə sızdırılması barədə sərəncamın Rusiya prezidentindən gəlməsinə dair yüksək səviyyəli əminlik var.
Kəşfiyyat rəsmiləri bildirirlər ki, onların ixtiyarında olan inandırıcı dəlillərə görə Putin haker müdaxiləsində işin içində olub və bu əməliyyat Kremldəki ən yüksək vəzifəli liderlərin sərəncamı olmadan həyata keçirilə bilməzdi. Xüsusi xidmətlərinin rəsmilərindən biri deyib ki, bu əməliyyatda Putinin iki məqsədi olub: Klintondan qisas alınması və ABŞ-ın siyasi sisteminə onun müttəfiqləri arasında olan etimadın sarsıdılması.
NBC agentliyinə məlumat verən mənbə isə deyib ki, Putin ABŞ-ın daha qlobal lider olmadığı barədə fikir yaratmaqla onun müttəfiqləri arasına nifaq salmağa çalışıb.
Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmiləri bildirmişdilər ki, onların təhlilinə görə Rusiya ABŞ seçkisinə Trampa qələbə qazandırmaq məqsədilə müdaxilə edib. Tramp bu məsələdə ABŞ-ın bütün 17 xüsusi xidmətinin eyni qənaətdə olmasına baxmayaraq, Rusiyanın seçkiyə müdaxiləsi barədə iddiaları axmaqlıq, gülünc adlandırıb.
"The Telegraph" yazır ki, Trampın Rusiyanı belə cidd-cəhdlə müdafiə etməsi həm respublikaçı, həm də demokrat rəsmilərin əndişəsinə səbəb olub. Belə əndişələri artıran faktorlardan biri də Trampın dövlət katibi vəzifəsinə Vladimir Putindən şəxsən orden almış “ExxonMobil” rəhbəri Reks Tillersonu təyin etməsi olub.