BMT TŞ-nin iclasının ardından Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitalı Çurkin və onun amerikalı kolleqası Samanta Pauer arasında söz atışması yaşanıb.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, söhbət Rusiyanın Hələbdə apardığı hərbi fəaliyyətlə bağlı olub və xanım Pauer Moskvanı dinc əhaliyə qarşı “barbarlıqda” ittiham edib. O deyib ki, sizin bombardmanınız hökumət qüvvələrinə Hələbdə on minlərlə insanı mühasirədə saxlamaq imkanı yaradıb: “Bundan sonra nə deyəcəksiz? Özünüzü təmizə çıxarmağa çalışacaqsız, ya yalan danışmaqda davam edəcəksiz?” Çurkin isə cavabında deyib ki, hazırda Hələbdə hökumət qüvvələrinin sakinlərə qarşı vəhşiliyi barədə tərəflərin heç birində hər hansı məlumat yoxdur. “Siz burda Tereza ana kimi danışırsız, lüffən, ölkənizin regiondakı “uğurlarına” nəzər salın və düşünün: başqalarını ittiham etməyə sizin mənəvi haqqınız çatırmı?”-diplomat deyib.
Qeyd edək ki, Moskva ilə Vaşinqton arasında Suriya ilə bağlı danışıqlar bir nəticə verməyib. Dekabrın 14-də Rusiya XİN rəhbəri Sergey Lavrov həmin danışıqları “nəticəsiz toplantılar” adlandırıb. O deyib ki, hər dəfə amerikanlarla razılığa gəlinməsinin ardından onların bu razılaşmalardan kənar istiqamət götürməsi müşahidə olunub:”Sentyabrda da belə oldu, dekabrda da”.
Xatırladaq ki, Suriyada atəşkəslə bağlı ABŞ və Rusiya arasında 10 sentyabrda Cenevrədə bağlanmış anlaşmanın ömrü cəmi bir neçə gün olub. 19 sentyabrda döyüşlər yenidən başlayıb və Hələb üzərinə hücumlarla davam edib. Daha sonra dekabrın 2-də Rusiya ilə ABŞ arasında belə bir razılıq əldə olunub, lakin ayın 6-da ABŞ həmin sənədi geri çağırıb. “Biz ABŞ-dan mesaj aldıq ki, onlar Hələb müzakirələrində iştirak edə bilməzlər, çünki fikirlərini dəyişiblər. Beləliklə sənəd geri çağırıldı”- deyə lavrov o ərəfədə keçirilən mətbuat konfransında bildirmişdi. Üstəlik Rusiya XİN amerikalı kolleqalarının bu hərəkətini vaxt udmaq cəhdi kimi qiymətləndirmiş, bunun isə bölgədəki silahlılara öz güclərini bərpa etməyə imkan yaratdığını demişdi.
Moskvanın Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko isə bildirir ki, bütün bunlar Suriyada yaxın zamanlarda müharibəyə son veriləcəyi barədə optimist düşüncələri şübhə altına alır.