Çavuşoğlu: “Rusiyanın Qarabağ problemini çözmə iradəsinə hörmətlə yanaşırıq”
“Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinə Suriyada hava zərbəsi endirilib. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Bu hücum Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilib”. APA-nın məlumatına görə, bunu Türkiyədə səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov türkyiəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
S. Lavrov deyib ki, Rusiya Suriyada terrorizmlə mübarizə aparır: “Bir daha belə olayların olmamasını istəyirik”.
Ancaq sonradan Rusiya Lavrovun sözlərinin səhv tərcümə edildiyini açıqladı: "Lavrov, “hücumu nə Rusiya, nə də Suriya rejimi edib” deyib".
“Rusiyanın Qarabağ problemini çözmə iradəsinə hörmətlə yanaşırıq. Suriya, İraq, Aralıq dənizi məsələlərində əməkdaşlıq iki ölkə münasibətləri baxımından çox önəmlidir. Suriyadakı durum ortadadır, göz yaşı var. Humanitar yardımlar lazım olan yerlərə çatdırılmalıdır”. Bunu isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, hər iki ölkə Suriyanın ərazi bütövlüyü məsələsində ortaq mövqedədir və problemin siyasi yolla həlli məsələsində həmfikirdir.
Nazir “Türk axını” və Akkuyu AES layihələrinin iki ölkənin enerji əməkdaşlığı baxımından üçün çox önəmli olduğunu söyləyib: “Rusiya ilə əməkdaşlığımızın inkişafı həm ölkələrimizə, həm də bütün bölgəyə müsbət təsir göstərəcək. Dəyərli dostum Sergeylə dünən axşamdan bəri bu mövzuları müzakirə edirik”.
Qeyd edək ki, Antalyada Türkiyə-Rusiya ortaq strateji planlaşdırma qrupunun 5-ci toplantısı keçirilib.
Əl Bab bölgəsindəki hücumda dörd türk əsgəri şəhid olmuşdu.