Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Bəşər Əsədi devirmək məqsədi ilə Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı açıqlaması Rusiya və Türkiyə arasında daha əvvəl əldə olunmuş razılaşmalara ziddir.
APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
Nazir müavini deyib ki, bu, bütün razılaşmalar üzrə ziddiyyət təşkil edən açıqlamadır: "İlk növbədə 2254 və 2268 saylı qətnamələrə, həmçinin Vyana formatına, Lozanna formatına ziddir. Biz bu formatlarda Türkiyə ilə birlikdə iştirak edirik".
O, həmçinin əlavə edib ki Türkiyə və Rusiya xarici işlər nazirləri dekabrın 1- də baş tutacaq Alanya görüşündə Rəcəb Tayyib Ərdoğanın həmin bəyanatını müzakirə edəcəklər.
Bu arada, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü 2017-ci ilin əvvəlində baş tutacaq. Trend-in Türkiyə xarici işlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş Türkiyə-Rusiya yüksək səviyyəli əməkdaşlıq Şurasının beşinci iclası çərçivəsində keçiriləcək.
Nazirliyin məlumatına görə, dekabrın 1-i hər iki ölkənin xarici işlər nazirləri – Sergey Lavrov və Mövlud Çavuşoğlu Şuranın iclasına hazırlıq çərçivəsində görüşəcək.