Havananın son zamanlar Vaşinqtonla normallaşan əlaqələri yenidən korlana bilər.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Obama dönəmində bu ölkə ilə əldə edilmiş razılaşmalara yenidən baxa biləcəyilə bağlı açıqlamalarıdır. Xəbərə görə, Tramp bildirib ki, Kuba kubalılar, Kuba mənşəli amerikanlar və bütövlükdə ABŞ üçün əlverişli şərtlərə getməzsə, əldə olunan razılaşmalar ləğv ediləcək. CNN telekompaniyası məsələ ilə bağlı bildirir ki, “Tramp qələmin bir hərəkətilə Obamanın Kuba ilə münasibətlərin normallaşdırılması ilə bağlı imzaladığı razılaşmanı heçə döndərə bilər”.
Xatırladaq ki, ötən bazar günü ABŞ-ın Respublikaçılar partiyasının Milli komitəsinin sədri Rayns Pribes, Havana bir sıra güzəştlərə getməzsə, Trampım prezident kürsüsünə oturan kimi Kuba ilə münasibətlərin normallaşması kursundan imtina edə biləəyi barədə xəbərdarlıq edib. Fox News telekompaniyasına açıqlamasında o deyib ki, bu ölkədə baş verən repressiyalar, siyasi həbslər və digər bu kimi hallarda dəyişikliklər baş verməli, ölkədə dini etiqad azadlığı, açıq bazar mühiti formalaşmalıdır və Tramp məhz bu istiqamətdə hərəkət edəcək.
Xatırladaq ki, “Azadlıq adası” ilə ABŞ arasında münasibətlər 1961-i ildə ABŞ mülkiyyətində olan müəssisələrin Havana hökuməti tərəfindən milliləşdirilməsi nəticəsində korlanıb və Vaşinqton Kubaya birtərəfli qaydada ticari-iqtisadi embarqo tətbiq edib. Lakin 2014-cü ildə Obama etiraf edib ki, Vaşinqtonun bu istiqamətdə siyasəti dəyişməlidir və ikitərəfli əlaqələrin bərpası üçün Kubaya qarşı sanksiyaların yumşaldıldığını elan edib.