Almaniya Türkiyədəki İncirlik hərbi bazasına alternativ axtarmağa başlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyindən verilən məlumata görə, Adanadakı İncirlik bazasına alternativ yer axtarışı çərçivəsində alman heyəti araşdırmalar aparmaq üzrə İordaniyanın paytaxtı Əmmana gedəcək.
Nazirlik bununla bağlı, bölgədəki üç ölkənin variantlar arasında olduğunu bildirib. “Bild” qəzeti, İordaniya ilə yanaşı Küveyt və Kiprin də alternativ variantlar arasında olduğunu yazır.
Müdafiə Nazirliyinin açıqlamasına görə, İncirlikdə olan alman ordusuna aid “Tornado” kəşfiyyat təyyarələrinin başqa bir yerə köçürülməsilə bağlı konkret planlar yoxdur. Nazirlik həmçinin bu mərhələdə alman ordusunun İncirlik bazasından çıxarılmasını şərtləndirən bir vəziyyət olmadığına da deyib.
İncirlik bazasında yerləşdirilən Almaniya ordusu, Suriya və İraqda IŞİD-ə qarşı əməliyyatlara “Tornada” kəşfiyyat təyyarələri və havada yanacaqla dəstək verir. Alman parlamenti noyabrın 10–da İncirlik bazasına yerləşdirilən alman birliyinin vəzifə müddətini uzatmışdı. Ancaq hökumət ortaqlarından Sosial Demokrat Partiyasının millət vəkilləri buna bir şərtlə dəstək vermişdi. Bu əlavə protokol İncirlik bazasına alternativ yerlərin axtarığını nəzərdə tuturdu. Onlar buna səbəb kimi isə Türkiyənin mövqeyini göstərmişdilər. Çünki Almaniya Məclisinin qondarma “erməni soyqırımını” tanıyan qərarının ardından Ankara ilə Berlin arasında yaşanan gərginliyə görə Türkiyə hökuməti, uzun müddət alman millət vəkillərinin İncirlik bazasını ziyarət etməsinə icazə verməmişdi.
TAHİR