Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna əhalisini etiraz aksiyasına çıxmağa və hakimiyyətə “qırmızı vərəqə” göstərməyə çağırıb.
Saakaşvilinin sözlərinə görə, ölkə parlamenti 2 il ərzində vacib problemləri həll etmək iqtidarı və istəyində olmadığını nümayiş etdirib. O qeyd edib ki, hakimiyyət maydanda səsləndirilən tələblərdən heç birini yerinə yetirməyib, məmurlar isə oğurlamaqda davam edirlər: “Biz mövcud konstitusiya çərçivəsində erkən seçki keçirilməsini tələb edirik. Bu indiki parlament üçün sonuncı qış olmalıdır”.
Sosial şəbəkələr 200 nəfərin Saakaşilinin çağırışını qəbul etdiyini, 500 nəfər isə buna maraq göstərdiyini yazırlar.
Qeyd edək ki, Mixeil Saakaşvili noyabrın əvvəllərində Odessa vilayətinin qubernatorluğundan istefa verib və bundan sonra Ukraynada korrupsiyaya qarşı mübarizəni davam etdirmək üçün yeni siyasi hərəkat yaratdığını bəyan edib. O, hakimiyyəti korrupsiyanın öhtəsindən gələ bilməməkdə, Poroşenkonu isə birbaşa korrupsiyalaşmış klanların arxasında durmaqda ittiham edir.