ABŞ Konqresinin Respublikaçılar partiyasından olan üzvləri Barak Obamadan prezident kürsüsündən ayrılmadan ölkəsinin İranla ticari əaqələrini gücləndirəcək addımlardan uzaq durmasını istəyib.
Baki-xeber.com-un xəbərinə görə, respublikaçılar bu məqsədlə Obamaya məktubla müraciət edib. Məktubda konqresmenlər “Sizi seçkilər sonrası dönəmdə İrana yönəlik sanksiyaları və məhdudiyyətləri zəiflədəcək hər hansı addım atmamağa çağırırıq” sözlərini işlədib.
Digər tərəfdən İranın dini lideri Əli Xamneyi ABŞ Konqresinin İrana qarşı sanksiyalarının daha 10 il müddətinə uzadılması qərarı qüvvəyə minəcəyi təqdirdə bunu nüvə anlaşmasının pozulması kimi qəbul edəcəklərini və qarşılıq verəcəklərini bəyan edib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında ötən həftə baş tutan səsvermədə İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılması səs çoxluğu ilə qəbul edilib. Lakin sənəd hüquqi qüvvəyə minməsi üçün öncə Senatda qəbul edilməli, daha sonra Obama onu imzalamalıdır.