Sentyabr ayında vəfat edən Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanın öldürüldüyü iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın “Tsentr-1” saytı xəbər yayıb.
Sayt Özbəkistan Milli Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən yazır ki, Gülnarə Kərimova noyabrın 5-də zəhərlənmə nəticəsində ölüb. Mənbə, 44 yaşlı Kərimovanın elə həmin gün Daşkənddə torpağa tapşırıldığını və məzarının "yerlə bir edildiyini" deyib.
Tvitterdə isə “Gülnarəni göstərin” adlı hesab peyda olub. Jurnalistlər və beynəlxalq ictimaiyyətin nümayəndələri orda Gülnarənin ölümünə sübut və ya onun ictimaiyyətdə göstərilməsini tələb edirlər.
Özbəkistan hökuməti mövzu ilə bağlı hələlik rəsmi bir açıqlama verməyib.
Gülnarənin 23 yaşlı oğlu, İslam Kərimov isə deyib ki, anasının ölümü barədə məlumatlar şayədir. İslam hazırda Londonda yaşayır. Onun sözlərinə görə, anası sağdır, amma hələ də ev dustaqlığındadır. İslam Kərimovun sözlərinə görə, bacısı İman Kərimova av dustaqlığından azad edilib, amma ölkədən çıxmasına qadağa qoyulub.
Qeyd edək ki, 2013-ci ildən bəri atası İslam Kərimovun təlimatı ilə ev dustağı edilən Gülnarənin son bir neçə aydır ruhi xəstəxanaya yatırıldığı iddia edilirdi. Gülnarənin atasının dəfn mərasiminə də qatılmasına icazə verilməmişdi.
İsveçrədə yaşadığı dövrdə bir sıra iri beynəlxalq şirkətlərlə korrupsiya qalmaqalında adı hallanırdı.
Bu qalmaqaldan sonra o, Özbəkistana verilib və atasının prezidentliyi dövründən ev dustağına çevirilib.