"Kreml Trampla kürəkəni vasitəsilə əlaqə yaratmaq üçün yəhudi lobbisinə müraciət edib". Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu xəbər saytlarından Gazeta.ru etibarlı mənbələrə istinadən məlumat yayıb.
Iddialara görə, bu məqsədlə Rusiya rəhbərliyi yəhudi iş adamlarından istifadə edərək ABŞ-ın yeni prezidenti Donald Trampın “ortodoks yəhudi” kimi tanınan kürəkəni Jared Kuşnerlə əlaqə qurmağa çalışıb.
Sayta açıqlama verən Rusiya Yəhudi Konqresinin başçısı Yuri Kanner, xəbəri nə təsdiq nə də təkzib edib, bildirib ki, bu cür cəhdlər normal qarşılanmalıdır.
Bu arada yeni seçilmiş ABŞ prezidenti Donald Tramp yenə də Moskva ilə yaxınlaşmanın tərəfdarı olduğunu bəyan edib. Tramp Vaşinqtonun Moskva ilə xüsusilə Suriya məsələsində yan-yana dayanmasının vacib olduğunu vurğulayıb. Tramp Suriya ilə bağlı ciddi ideyalarının olduğunu bildirib, amma detallara varmayıb: «Suriyada baş alıb gedən hərc-mərcliyə son qoymalıyıq».
Qeyd edək ki, ABŞ Suriyadakı qiyamçılara arxa durur, ölkə lideri Bəşər Əsədin devrilməsini istəyir. Rusiya isə Əsəd rejiminin tərəfindədir.
Tramp vurğulayıb ki, Rusiya ilə ABŞ ümumi nöqtəyə gəlməkdən ötrü daha çox iş görməli, terror kimi ictimai məsələlərdə əməkdaşlıq etməlidir. Amma Tramp Birləşmiş Ştatlarla Rusiya münasibətlərinin «yenidən yüklənilməsi» söhbətini rədd edib. «Yenidən yükləmə» ifadəsini onun rəqibi Hillari Klinton dövlət katibi olduğu zamanlarda münasibətləri bərpa etməkdən ötrü işlədirdi. Cəhdlərin fayda vermədiyini, münasibətlərin “Soyuq müharibə” dövründən bu yana ən pis həddə çatdığını xatırladan Tramp «baş verənlərdən sonra bu termini işlədəsi deyiləm» deyib.
İraqda müharibədən bəhs edən Tramp əvvəlki fikrini təkrarlayıb, ABŞ-ın İraqa müdaxiləsinin ölkə tarixində ən böyük səhv olduğunu söyləyib.