ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ölkəboyu müsəlmanların qeydiyyatına başlayarsa, Nyu-York şəhəri onları məhkəməyə verəcək. Bunu Nyu-Yorkun meri, Demokratlar Partiyasından olan Bill de Blasio bildirib.
«Biz bu addımı bloklamaqdan ötrü məhkəməyə verəcəyik. Xalqımızı müdafiə etmək üçün əlimizdəki bütün vasitələrə əl atacağıq. Biz hər zaman öz dəyərlərimizlə fəxr etməliyik», – deyə Bill de Blasio vurğulayıb.
De Blasio Trampın razılaşmadıqları siyasi qərarlarını dayandırmaq üçün ayrı-ayrılıqda hər bir məsələ ilə bağlı digər amerikalılarla təşkilatlanmağa çağırıb.
«Biz qadınların onlara gərəkən tibb xidmətlərini almasını təmin edəcəyik», – o, «Planlı valideynlik» proqramına vəsaitin kəsilməsi ehtimalına cavab olaraq deyib.
De Blasio əlavə edib ki, Tramp administrasiyası polisə vətəndaşları saxlayaraq onların üzərində axtarış aparmaqla bağlı göstəriş versə, Nyu-York şəhəri buna qarşı çıxacaq. Mer həmçinin, sənədi olmayan mühacirlərin deportasiyasında Nyu-York polis departamentindən istifadəyə imkan verməyəcəyini deyib. De Blasio vurğulayıb ki, onun hökuməti Nyu-York şəhərində sənədi olmayan, deportasiya təhlükəsi ilə üzləşən mühacirləri geniş hüquqi yardımla təmin edəcək.
Ötən həftə Trampın əsas müttəfiqlərindən biri bildirib ki, yeni seçilmiş prezident ölkəboyu müsəlman ölkələrindən, yaxud da terror fəaliyyətinin yüksək olduğu ölkələrdən gələn mühacirlərin qeydiyyat sisteminin yaradılması barədə düşünür.
Kanzasın dövlət katibi, immiqrasiyaya qarşı olan respublikaçı Kris Kobaç həm də Trampın müşaviridir. O deyib ki, Trampın müşavirləri belə bir məlumat bazasının yaradılması barədə düşünürlər. Trampın keçid komandası bu qeydiyyat sisteminin dini inanca əsasən işləyəcəyi barədə deyilənləri dəfələrlə rədd edib.
Trampın gələcək baş qərargah rəisi Reince Priebus bildirib ki, yeni administrasiya insanları dini inanclarına əsasən qeydiyyata almayacaq: «Baxın, mən heç nəyi istisna etməyəcəyəm. Ancaq... biz dini inanca əsaslanan qeydiyyat sistemi yaratmayacağıq».