Rusiya parlamentinin yuxarı palatasının müdafiə komitəsinin rəhbəri Viktor Ozerov Kalininqrada əlavə silah yerləşdiriləcəyini deyib.
O, bildirib ki, Moskva Kalininqrada S-400 raketləri və nüvə qabiliyyətli «Iskander» sistemləri göndərir və bununla NATO-nun bölgəyə yeni qüvvə göndərməsinə cavab verir. V.Ozerov deyib ki, Rusiya ABŞ-ın Şərqi Avropada planladığı raket qalxanına cavab verməyə məcburdur: «Biz təhlükəyə hay verərək…əlavə qüvvə göndərməli oluruq…».
V.Ozerov Rusiyanın hərbi hava qüvvələrini möhkəmləndirdiyini, ABŞ-ın Avropadakı havadan müdafiə sistemlərinə üstün gəlmək yönündə iş gördüyünü, yeni, müasir raket sistemləri yaratdığını da etiraf edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi isə yeni qurğuların Avropanın təhlükəsizliyini pozduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya yalnız Avropada fövqəladə vəziyyət olduğu halda Kalininqrada belə silah göndərəcəyinə söz vermişdi, indi də buna səbəb ola biləcək heç nə baş verməyib.
«Reuters» agentliyi yazır ki, Rusiyanin Kalininqrada raket yerləşdirməsi təzə xəbər deyil, amma indiyə qədər Moskva bunun adi təlim prosesinin bir hissəsi olduğunu deyirdi. İndi isə NATO-nun Rusiyanın qərb sərhədlərində möhkəmlənməsinə cavab tədbiri görüldüyü rəsmən elan edilir.
Kremllə isti münasibətləri dəstəklədiyini deyən, üstəlik, NATO-dakı müttəfiqlərini müdafiə etmək niyyətində olmadığını bildirən D.Trampın ABŞ prezidenti seçilməsi, bəzi analitiklərin fikrincə, Moskvanın Şərqi Avropada möhkəmlənməsinə gətirəcək.