Noyabrın 20-də Suriya hakimiyyəti Hələbə muxtariyyət verilməsi ilə bağlı BMT-nin təklifini rədd edib. Suriyanın xarici işlər naziri Valid Muallem deyib ki, döyüşçülərə Hələbdən çıxarılan kimi dövlət orqanları orda öz fəaliyyətini bərpa edəcək.
“Associated Press” xəbər verir ki, BMT-nin xüsusi təyinatlı vasitəçisi Staffan de Mistura ilə görüşdən sonra Valid Muallem Hələbdə hərbi əməliyyatları azaldacaqlarına dair bir söz deməyib. O, əlavə edib ki, Suriya Hələbdə olan 275 min sakini 6 min döyüşçünün əlində girov qoymayacaq: “Biz bununla razılaşdıq ki, terrorçular ərazidən çıxarılmalı və şəhər əhalisinin əzablarına son qoyulmalıdır”.
Ancaq Staffan de Mistura görüşün nəticələri barədə bir şey deməyib.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, 5 gün ardıcıl zərbələr Hələbdə bütün xəstəxanaları da dağıdıb, sakinlər tibbi yardımsız qalıblar. Hökumət qoşunu və Rusiya hərbçilərinin noyabrın 15-dən başlayan hücumu nəticəsində 100-dən çox dinc sakinin öldürüldüyü deyilir, - Suriya hüquq müdafiəçiləri bəyan ediblər. Noyabrın 20-də davam edən hücumlar zamanı 7 uşaq öldürülüb.
2012-ci ildən başlayaraq, Hələb iki hissəyə ayrılıb. Birinə üsyançılar, digərinə hakimiyyət qüvvələri nəzarət edirlər.