Türkiyə Birləşmiş Ştatlarla razılığa gələ bilmədi. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın CBS telekanalına müsahibəsində deyib. Dövlət başçısı ABD ilə YPG terror qruplaşmasına silah-sursat tədarükü ilə bağlı razılıq əldə olunmamasına toxunub: "İŞİD ilə savaşdığı üçün digər terror təşkilatını müdafiə etmək olmaz. Terror təşkilatları arasında "yaxşı-pis" deyə fərq qoymaq olmaz. Lakin biz bu məsələdə ABŞ ilə anlaşa bilmədik".
Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülənin ekstradisiyasına da münasibət bildirən R.T.Ərdoğan qeyd edib: "Bundan əvvəl Türkiyə günahkarları ABŞ-a ekstradisiya etmişdi və eyni hərəkəti Birləşmiş Ştatlardan gözləyirdik".
Ərdoğan İstanbulda NATO Parlament Assambleyasının iclasında isə deyib ki, terror təşkilatlarından dostlarımızın silahları çıxdı.
R.T.Ərdoğan qeyd edib: "İraq və Suriyada bizim terror təşkilatı elan etdiyimiz qruplaşmalardan dostlarımızın silahları çıxdı. Biz bu faktı açıqlayanda onları terrorçu kimi qəbul etmədiklərini, onların İŞİD-ə qarşı savaşdıqlarını bildirdilər. Elə isə "Cəbhət ən-Nüsra"nı da terror təşkilatı saymayın, axı onlar da İŞİD-lə döyüşür. Bir terrorçuya başqa terrorçu ilə savaşdığı üçün "yaxşıdır" demək olarmı?"
Prezident Türkiyənin bu bölgənin nəbzini çox yaxşı tutan ölkə olduğunu bildirib: "Onlarla bizim tarixi, mədəni, qohumluq əlaqələrimiz var. Hələbi vuranlar bəllidir, bəs Qərb Hələbdə yaşayanların Qaziantep və Kilisdə yaşayanlarla qohumluq əlaqələri olduğunu bilirmi?"