Litva xəbərdarlıq edib ki, Donald Trampın ABŞ prezidenti olmasından bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nu sınaqdan keçirə bilər.
Xarici İşlər naziri Linas Linkevicius deyib ki, o Baltikyanı dövlətlər və Suriyanın Hələb şəhəri üçün çox qorxur.
Vaxtilə Sovetlər Birliyinin tərkibində olan Litva indi həm NATO, həm də Avropa İttifaqı üzvüdür. Ölkənin Rusiya ilə birbaşa quru sərhəddi var. Burda əsas narahatlıq ondan ibarətdir ki, ABŞ Rusiyanı potensial tərəfdaş kimi görmək istəyir və rəsmi Moskvanın hərbi təhlükəsi ilə bağlı Qərbi Avropanın baxışlarını bölüşməyə həvəsli deyil.
Litva xarici işlər naziri isə deyib ki, "Rusiya super güc deyil, o super problemdir".
Rusiya isə təkid edir ki, bu, təhlükə deyil və NATO-nun qərbdə, Rusiya sərhədlərinə hərbi qüvvələri yeridərək regional təzyiq yaratmaqda məsul olduğunu iddia edir.
Linkevicius deyib ki, seçilmiş prezident Donald Trampın yanvarda baş tutacaq innaqurasiyasına qədər olan zaman kəsiyini Putin tərəfindən Qərb alyansının diplomatik qətiyyətini və hərbi hazırlıq səviyyəsini yoxlamaq üçün bir şans kimi görmə təhlükəsi var: "Yeni rəhbərlik yanvarın ikinci yarısına qədər hakimiyyətə gəlmir… Mən bu zaman kəsiyinə yalnız onların bizə yaxın olduğuna görə qorxu və ya narahatlıq keçirmirəm, həm də ümid edirəm ki, o vaxta qədər Hələb şəhəri yer üzündən silinməyəcək".
Litva rəsmi Moskvanın Kalininqraddakı hərbi bazasını yenidən təchiz etməsini və gücləndirməsini də həyəcan siqnalı kimi qeyd edir.
Avropada söhbətlər gedir ki, Donald Tramp kontingentinin siyasətlə bağlı "təlimə" ehtiyacı var. Lakin Litva rəsmiləri daha nəzakətli davranıb və bildiriblər ki, onlar Trampın tezliklə oz administrasiyasını yaradacağına və Rusiyanı potensial tərəfdaşdan daha çox təhlükə olması fikirlərini bölüşəcəyinə ümid edirlər.