“Avropa Birliyinin dağılmaq risqi var”. Baki-xeber.com xəbər verir ki, bunu Fransanın baş naziri Manuel Vals bəyan edib. O, Avropada Almaniya və Fransanın mövqeyini möhkəmləndirən yeni layihələr yaratmağa çağırıb.
Fransa baş naziri Avropanın radikal sağçı partiyaların səbəb olduğu populizm təhlükəsilə qarşı-qarşıya qaldığını deyib. Vals bildirib ki, Avropa populizm, terrorizm, sığınacaq axtaran miqrant böhranı kimi təhdidlərlə üz-üzə qalıb: "Avropa Birliyi dağıla bilər".
Nazir Avropa Birliyi layihəsinin yenidən nəzərdən keçirilməsinin vacibliyini deyib.
Vals, Fransada gələn il keçiriləcək prezident seçkisində radikal sağçı təhlükəsinə işarə edərək "Bütün sosial araşdırmalar Marine Le Penin ikinci tura çıxacağını göstərir. Bu Fransada siyasi tarazlığının tamamilə dəyişməsi deməkdir" – deyə bildirib.
O, Fransada Le Pen təhlükəsilə ABŞ-da Donald Trampın seçilməsi arasında müqayisə aparmağın düzgün olmadığını deyib: "Əlbəttə bunları bir-birinə qarışdırmıram. Tramp böyük bir dəstəyə sahib partiyanın namizədidir. Ancaq sözləri və vədləri narahatlıq doğurur".