İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik raket zərərsizləşdirilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
"İrandan buraxılan və Türkiyə hava məkanına daxil olduğu müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür və regiondakı bütün gedişatlar milli təhlükəsizliyimiz prioritet olaraq diqqətlə izlənilir", - deyə nazirliyin açıqlamasında bildirilir.
ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra, müxtəlif vaxtlarda İrandan atıldığı və Türkiyə hava məkanına daxil olduğu aşkarlanan iki raket havada məhv edilib. Ballistik raketlərin qəlpələri Hatay və Qaziantepə düşüb. Bu hadisələrdən sonra, 4 martda Milli Müdafiə Nazirliyi, İrandan atılan və Türkiyə hava məkanına doğru gedən başqa bir ballistik raketin Şərqi Aralıq dənizi üzərində NATO müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Tahir TAĞIYEV