ABŞ prezidenti Tramp sosial media paylaşımı vasitəsilə İrana qarşı təhdid dolu açıqlama yayıb. Tramp bildirib ki, əgər Hörmüz boğazı açılmasa, İranın neft quyularını və Xark adasını məhv edəcəklər.
"Amerika Birləşmiş Ştatları İrandakı hərbi əməliyyatlarımıza son qoymaq üçün yeni və daha ağlabatan bir rejimlə ciddi müzakirələr aparır. Böyük irəliləyiş əldə edilib, lakin hər hansı bir səbəbdən tezliklə razılaşma əldə olunmasa (çox güman ki, belə olacaq) və Hörmüz boğazı dərhal ticarət üçün açılmasa, İranın bütün elektrik stansiyalarını, neft quyularını və Xark adasını məhv edəcəyik" – deyə ABŞ prezidenti bildirib.
Vasitəçilik səyləri və diplomatik təmas iddiaları barədə danışan İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi isə ABŞ-la birbaşa danışıqlar aparmadıqlarını bildirib: “ABŞ diplomatiya ritorikasını gündəmə gətirəndə hər kəs ehtiyatlı olmalıdır. Açığı, ABŞ-da bu diplomatiya iddialarını nə qədər insanın ciddi qəbul etdiyini bilmirəm. Bizim mövqeyimiz əvvəldən aydındır. Qarşı tərəf daim mövqeyini dəyişsə də, biz hansı çərçivədə fəaliyyət göstərdiyimizi bilirik. Bizə çatdırılan tələblərin əhəmiyyətli bir hissəsi çox sərt və qeyri-realdır”.
Tahir TAĞIYEV