Almaniya, Fransa, İtaliya və Birləşmiş Krallığın xarici işlər nazirləri birgə bəyanatda İsraili ölüm hökmünün tətbiqini genişləndirən Cinayət Məcəlləsinə düzəlişlərdən imtina etməyə çağırıb.
Düzəlişlər bu həftə Knessetdə səsverməyə çıxarıla bilər.
“Bu qanun layihəsinin faktiki olaraq ayrı-seçkilik xarakteri bizi xüsusilə narahat edir. Bu qanun layihəsinin qəbul edilməsi İsrailin demokratik prinsiplərə hörmət etmək öhdəliyini şübhə altına alacaq”- sənəddə vurğulanır.
Əslində İsraildə terrorizmə görə ölüm cəzası tətbiq edən qanun layihəsi daha öncə ifrat sağçı Otzma Yehudit (Yəhudi Gücü) partiyasının nümayəndəsi Limor Son Har-Melech tərəfindən irəli sürülüb və Knesset tərəfindən 2025-ci ilin noyabr ayında ilk oxunuşda qəbul edilib.
AFP-nin o vaxt verdiyi məlumata görə, cinayət məcəlləsinə edilən müvafiq düzəlişlər bir israilli öldürən fələstinliyə ölüm cəzasının tətbiq edilməsinə imkan verəcək, lakin bir fələstinlini öldürən israilliyə tətbiq edilməyəcək.
Eyni zamanda, irqçilik və ya cəmiyyətə nifrət zəminində qətl törətməkdən məhkum edilmiş "terrorçular" gələcəkdə "məcburi" şəkildə ölüm cəzası ilə cəzalandırılacaqlar. Bundan əlavə, "İsrail Dövlətinə zərər vermək niyyəti" ilə törədilən əməllərə görə də ölüm cəzası tətbiq ediləcək.
Qeyd edək ki, İsrail qanunvericiliyi müəyyən cinayətlərə görə ölüm cəzasına icazə verir, lakin ölüm hökmü sonuncu dəfə 1962-ci ildə Yerusəlimdəki məhkəmənin Avropa yəhudilərinin ölüm düşərgələrinə deportasiyasının əsas təşkilatçılarından biri olan Hitlerin generalı Adolf Aysmanın asılması ilə həyata keçirilib və İsrail kəşfiyyatı 15 il bu məsələnin üzərində işləyib.
SAMİRƏ