İranda mövcud hakimyyətin devrilməsində ABŞ və İsrailin kürd yaraqlı qruplaşmalarından istifadəsi artıq praktiki mərhələyə keçib. “Foks Nyus” telekanalının məlumatına əsasən, İraq kürdlərindən ibarət silahlı qruplaşma İran ərazisinə keçib. Məlumata görə, hücuma keçən kürd qruplaşmalara İsrailin hərbi təyyarələri havadan dəstək verir.
Daha əvvəl “Reuters” agentliyi və CNN telekanlı bilgili mənbələrə istinadla xəbər yaymışdı ki, İraqın Kürdüstan bölgəsində yerləşən silahlı qruplar son günlər ABŞ rəsmiləri danışıb, İranın qərbindəki təhlükəsizlik qüvvələrinə hücum ehtimalını müzakirə ediblər. Qeyd olunur ki, İran-İraq sərhədindəki kürd qrupları koalisiyası ABŞ və İsrail İrana zərbələr endirdiyi bir vaxtda İran ordusunu zəiflətmək üçün mümkün əməliyyatlara hazırlaşır. İki mənbə deyib ki, məqsəd hökumətə qarşı daha geniş üsyana şərait yaratmaqdır. O da iddia olunur ki, bu qruplar ABŞ-dən hərbi dəstək istəyib, Mərkəzi Kəşfiyyat İdarəsi vasitəsilə silah əldə etmək imkanını müzakirə ediblər. İraqın aparıcı kürd partiyası olan Kürdüstan Vətənpərvər Birliyi bildirib ki, liderləri ABŞ prezidenti Donald Tramp ilə qonşu İrandakı müharibədə növbəti addımları müzakirə ediblər. İraq kürdləri İranla sərhəddə böyük qüvvəyə malikdir. Onların İrandakı kürd azlığı ilə də əlaqələri var. Bu fonda İraq Kürdüstanının Dekala şəhərindəki İran kürd müxalifət qruplaşmasının qərargahındakı silah anbarına İran tərəfindən dron hücumu olub. İran uzun müddətdir muxtar kürd bölgəsini İslam Respublikasına hücumlarda iştirak edən yaraqlıları gizlətməkdə günahlandırır, bazalarına dəfələrlə zərbələr endirib. Amma indi zərbələrin intensivliyi artıb. Görünən odur ki, İranla müharibədə Tramp administrasiyası kürd yaraqlılarının yerli ordunun və hüquq-mühafizə orqanlarının zəiflədilməsində əsas rol oynamasını istəyir. Bu da sonda müxalifətinin meydanlarda hakimiyyətə qarşı çıxmasını tezləşdirəcək. Amerika tərəfi bu prosesdə əsas rolu 22 fevralda öz hərbi koalisiyasını quran kürd fraksiyalarına həvalə edir. Vaşinqton kürd qruplaşmalarını İran təhlükəsizlik qüvvələrini zəiflətməyə və İran etirazçılarının küçələrə çıxıb hökuməti dəyişdirməsinə inandırmağa çalışır. Lakin 22 fevralda “İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyası”nı yaradan İran kürdləri siyasi güzəştlərə ümid edirlər. Onların əsas məqsədi kürd azlığının yaşadığı bölgələri İrandan ayırmaqdır. Amerika mənbələri CNN-ə bildiriblər ki, Amerika-İsrail əməliyyatında iştirak etmək üçün koalisiyanın siyasi zəmanətlərə ehtiyacı var. Lakin mənbələr “The Wall Street Journal”a bildiriblər ki, kürd fraksiyalarına silah təchizatı, təlim proqramları və ya kəşfiyyat yardımı ilə bağlı hələlik yekun qərar verilməyib. Sadəcə yardım olunacağı bildirilib. Çünki Tramp administrasiyası əməliyyatının tempindən məmnun olduğunu bildirib. Martın 4-də ABŞ-ın Birgə Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birgə mətbuat konfransında çıxış edən Pentaqon katibi Pit Heqset ABŞ və İsrail hava qüvvələrinin tezliklə İslam Respublikası üzərində tam hava üstünlüyünə nail olacaqlarını qeyd edib. O bildirib ki, birgə qüvvələr bir neçə gün, bir həftədən az müddətdə İran səmasını tam nəzarət altına alacaq. ABŞ ordusunun məlumatına görə, İrana qarşı hərbi kampaniya hələ tam miqyas almayıb. Vaşinqton hazırda ABŞ ordusuna daha dərin hücumlar etməyi və əlavə manevr azadlığı təmin etməyi planlaşdırır. Pit Heqset qeyd edib: “Biz 500 funtluq, 1000 funtluq və 2000 funtluq dəqiq idarə olunan bombalardan, lazer və GPS ilə idarə olunan bombalardan istifadə edəcəyik ki, bunlardan demək olar ki, limitsiz təchizatımız var. Əvvəlcə daha dəqiq sursatlardan istifadə etdik, amma artıq onlara ehtiyacımız yoxdur”.
Hərbi nazirin sözlərinə görə, Tehran artıq kütləvi şəkildə ballistik raketlər atmaq qabiliyyətini itirib: “Düşmən artıq əvvəlki qədər raket atmaq iqtidarında deyil. Buna görə də, bizim və müttəfiqlərimizin hava hücumundan müdafiə sistemimizin kifayət qədər imkanları var: bu mübarizəni ehtiyac duyduğumuz müddətə qədər asanlıqla davam etdirə bilərik... İranın hərbi əməliyyatların ilk günündən bəri atdığı ballistik raketlərin sayı 86% azalıb, təkcə son 24 saatda 23% azalma müşahidə olunub və onların atdığı kamikaze dronlarının sayı 73% azalıb”. ABŞ ordusu dənizdə də bəzi uğurlar qazanır. Mətbuat konfransında çıxış edən Pentaqon rəhbəri qeyd edib ki, Hind okeanında Amerika sualtı qayığı təhlükəsiz mövqedə olduğuna inanan İran hərbi gəmisini batırıb. Bu, beynəlxalq sularda baş verib: “O, torpedo ilə batırılıb. Bu, İkinci Dünya Müharibəsindən bəri düşmən gəmisini batıran ilk torpedodur”. İsraillilərə gəldikdə isə, onlar İrana qarşı onuncu genişmiqyaslı zərbə dalğasının başladığını elan ediblər. Hərbçilər bildiriblər ki, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən və İsrail Müdafiə Qüvvələrindən dəqiq kəşfiyyat məlumatları əsasında aparılan genişmiqyaslı zərbə dalğası zamanı İran ərazisində onlarla infrastruktur hədəfi vurulub: “Hədəflər arasında rejimin ballistik raketləri saxlamaq, istehsal etmək və atmaq üçün istifadə etdiyi bir obyekt də var idi. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə sistemlərinə zərbə endirib və İran üzərindəki HHQ-nin hava nəzarətini genişləndirib”. İsrail Müdafiə Qüvvələri ayrıca olaraq İsrailin F-35 təyyarəsinin Tehran üzərində İran Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 qırıcı təyyarəsini vurduğunu bildirib: “Bu, tarixdə ilk dəfə olaraq F-35-in pilotlu qırıcı təyyarəni vurmasıdır”. İran özü nə hərbi, nə də siyasi cəhətdən təslim olmağa hazır olmadığını nümayiş etdirir. Elə bu fonda gözlənilir ki, ABŞ İran daxilində də hərbi toqquşmalara start verəcək. Bunun üçün də məhz kürq yaraqlılarından istifadə ön plandadır. Nəticə etibarı ilə İranda artıq quru əməliyyatları da başlanır və bu da savaşın daha dəhşətli xarakter alacağını deməyə əsas verir. Bu fonda
Donald Tramp administrasiyasının nəinki onu dayandırmaq niyyəti yoxdur, həm də İran ərazisinə zərbələri gücləndirəcəyini bildirib. Hərəkətlərinə əsasən, Amerika prezidenti hər şeyə əl atmaq niyyətindədir: amerikalıların əksəriyyətinin narazılığını və hətta öz Respublikaçı Partiyası daxilindəki çaşqınlığı görməzdən gələrək, Tramp İran üzərində qələbə qazanmaq niyyətindədir.
Tahir TAĞIYEV