Məhəmməd Əsədullazadə: “Onlar İranla münaqişəyə girib regional müharibənin bir parçası olmaq istəmirlər”
Xarici medianın yaydığı məlumata görə, İsrailin kəşfiyyat xidməti MOSSAD agentləri Qətərdə və Səudiyyə Ərəbistanında ifşa olunublar. MOSSAD Qətərdə və Səudiyyə Ərəbistanında terror aktları, partlayışlar törədib məsuliyyəti İranın üstünə atmaq istərmiş ki, bunu İran edib. Bununla da Qətəri və Səudiyyə Ərəbistanını İranın üstünə qaldırmaq istəyirlər.
Bu nə dərəcədə real ola bilər ki, bu iki dövləti İranın əleyhinə qaldırmaq üçün MOSSAD agentləri Qətərdə və Səudiyyədə belə əməliyyatlar keçirmək fikrinə düşsünlər?
Politoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, İsrailin məqsədi aydındır, körfəz ölkələrini də İranın üstünə qaldırmaq istəyir. “İsrail çalışır ki, bu yolla Qətər və Səudiyyəni İranın üstünə qaldırsın və Körfəz ölkələri də İrana qarşı hərbi əməliyyatlar keçirsin. MOSSAD-ın bu ölkələrdə terror təxribatı həyata keçirməsi istisna deyil və məqsəd də odur ki, bu ölkələrdən də İrana qarşı hərbi əməliyyatlarda istifadə etsin. Səudiyyə Ərəbistanının da, digər Körfəz ölkələrinin də kəşfiyyatı var və onlar da əks-kəşfiyyat fəaliyyətlərini davam etdirirlər. Onlar İranla münaqişəyə girib regional müharibənin bir parçası olmaq istəmirlər. Amma proses bundan ibarətdir ki, onların ərazisindən məhz İrana qarşı hərbi əməliyyatlar həyata keçirilir, qarşılıqlı olaraq İran da bu ərazilərdə Amerikanın hərbi bazalarını və kəşfiyyat mərkəzlərini vurur. MOSSAD Səudiyyədə və digər Körfəz ölkələrində təxribatlar həyata keçirərsə bu ölkələr İrana qarşı koalisiyada da yer almaya bilərlər. Amma vaxtaşırı məlumat sızdırılır ki, Səudiyyə Ərəbistanı və Qətər də İrana qarşı hərbi kampaniyaya qoşulur. Amma rəsmi açıqlama da verlir ki, bu belə deyil”.
M.Əsədullazadə deyir ki, hələlik bu ölkələr neytral mövqe sərgiləyəcəklər.
İradə SARIYEVA