Samir Hümbətov: “...Məqsəd regionun təhlükəsizliyini pozmaqdır”
İran Amerikanın müttəfiqləri hesab etdiyi ölkələri vurur. İndiyə qədər İran Qətərə və digər bir neçə ölkəyə ballistik raketlə hücum edib. İran Qətərdə yerləşən Əl-Udeyd hava bazasını, Küveytdə yerləşən Əl-Səlim hava bazasını, BƏƏ-də yerləşən Əl-Dafra hava bazasını və Bəhreyndə ABŞ 5-ci bazasını vurduğunu açıqlayıb. Martın 4-də isə İran Türkiyəyə raket atıb.
Bu taktikanın İrana faydası olacaqmı? Bu bölgənin təhlükəsizliyi üçün nə vəd edir?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov baki-xeber.com-a təəssüflə bildirdi ki, artıq İran ABŞ-ın müttəfiqi olan dövlətləri dronla vurur. S.Hümbətov qeyd etdi ki, Türkiyə, Azərbaycan və digər ölkələr İranın dron hücumuna məruz qalıblar. “Fikrimcə, bu mənfi bir tendensiyadır və İrana heç bir müsbət dvident qazandırmayacaq. Əslinədə belə hal regional təhlükəsizlik sistemini də pozur, İrana qarşı olmayan dövlətləri də ona qarşı çevirir. Görünür ki, İran bu addımları şüurlu şəkildə atmır. Əgər İran bunu şüurlu şəkildə edirsə demək məqsəd regionun təhlükəsizliyini pozmaqdır. Yəni məqsəd “mən təhlükəsizlikdə deyiləmsə digər ölkələr də təhlükəsizlikdə ola bilməz” təbliğatını aparmaqdır. Bu da heç də yaxşı qəbul edilən hal deyil. Bu İranı bölgədə yalnızlaşdırılmış, izolyasiya olunmuş vəziyyətə gətirəcək”.
S.Hümbətovun fikrincə, bunlar da İranın PUA-larla, raketlərlə zərbə endirdiyi ölkələrin İrana qarşı çevrilmə ehtimalını da artırmış olacaq.
İradə SARIYEVA