5 mart tarixində Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan Respublikasının xarici işlər nazirinə zəng vurub.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı İran İslam Respublikası tərəfindən dünən Türkiyə istiqamətində raket hücumu, bu gün isə Azərbaycan Respublikasına edilən dron hücumu ilə bağlı qəti etiraz bildirilib.
Bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu və regionda gərginliyin artmasına xidmət etdiyi vurğulanıb.
Naxçıvana olan təyyarə reyslərinin təhlükəsizliyin təmin edilməsi məqsədilə, uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunacağı telefon danışığında qeyd olunub.
Telefon danışığı zamanı, nazirlər iki ölkə arasında strateji müttəfiqlikdən irəli gələn əlaqələndirmə işlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.
ZÜMRÜD