Qətər Dövləti Azərbaycan Respublikasında hava limanının İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib.
AZƏRTAC-ın xəbərinə görə, Qətər XİN-in bəyanatında bildirilib ki, Türkiyənin ballistik raketlə və Azərbaycanda isə hava limanının İran PUA-ları ilə hədəf alınması düşmənçilik hərəkətləridir. Bəyanatda bu hərəkətlər təhlükəli eskalasiya və dövlətlərin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilib, həmçinin regionun təhlükəsizliyi və sabitliyi üçün birbaşa təhdid hesab edilib.
Nazirlik, həmçinin Qətər Dövlətinin Türkiyə Respublikası və Azərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb və onların suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün gördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.
Səudiyyə Ərəbistanı Krallığı da İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf almağa cəhd etməsini qətiyyətlə pisləyib və bunu kəskin şəkildə qınayıb. Səudiyyə Ərəbistanı XİN bu cür cəhdləri beynəlxalq qanunlara və qəbul olunmuş beynəlxalq normalara zidd olan düşmənçilik davranışı adlandırıb.
Nazirlik bəyanatında vurğulayıb ki, hər iki ölkəyə qarşı edilən bu qorxaq cəhdlər heç bir halda əsaslandırıla bilməyən düşmənçilik mövqeyini göstərir. Həmçinin bildirilib ki, İranın region ölkələrinə qarşı bu cür davranışları təkrarlaması gərginliyin daha da artmasına səbəb olur və regional təhlükəsizliyi və sabitliyi təhdid edir.
Bəyanatda, həmçinin qeyd olunur ki, Krallıq hökuməti və xalqı Türkiyə və Azərbaycanla tam həmrəy olduğunu bir daha bildirib, hər iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu dəstəklədiyini bir daha vurğulayıb. Həmçinin regionda eskalasiyanın qarşısını almaq və təhlükəsizliyi və sabitliyi qorumaq üçün göstərilən səylər yüksək qiymətləndirilib.
ZÜMRÜD