ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ordunu Prezident Donald Trampın "qanunsuz əmrlərinə tabe olmamağa" çağıran Demokrat senator və keçmiş hərbçi Mark Kelli ilə bağlı araşdırma başlatdığını açıqlayıb.
Təqaüddə olan polkovnik Kellinin keçmiş hərbçi kimi "silahlı qüvvələrin əxlaqını və qaydalarını" pozmağa yönəlmiş müxtəlif cəhdlər etdiyini iddia edən Pentaqon, bu cür hərəkətlərin müvafiq qanunlara əsasən cinayət təşkil edə biləcəyini və buna görə də araşdırma başlatdığını bildirib.
Araşdırılmaların nəticəsinə görə, təqaüddə olan polkovnik hərbi məhkəmə tərəfindən mühakimə oluna və ya inzibati tədbirlər üçün aktiv hərbi xidmətə geri çağırıla bilər.
Xatırladaq ki, aralarında Mark Kellinin də olduğu Konqresin altı Demokrat üzvü bir video mesaj yayaraq "ordunu qanunsuz əmrlərə tabe olmamağa” çağırıb.
Prezident Trampın bununla bağlı Truth Social-dakı paylaşımı isə Amerika ictimaiyyəti arasında mübahisələrə səbəb olub. Tramp paylaşımında bildirib ki, bu cür hərəkətlər ölüm cəzası ilə cəzalandırılmalıdır: "Bu, həqiqətən də çox pis şeydir və ölkəmiz üçün təhlükəlidir. Bu sözlər qəbuledilməzdir. Bunlar xainlərin təhrikedici hərəkətləridir. Onları həbsxanaya salmalıyıq? Bunlar ölüm cəzası ilə cəzalandırılmalı təhrikedici hərəkətlərdir".
TAHİR