Serbiya Prezidenti Aleksandr Vuçiçə qarşı qalmaqallı bir iddia irəli sürülüb. Bosniya müharibəsi zamanı xaricdən gəlib dinc sakinləri əyləncə üçün öldürən şəxslərlə bağlı istintaq zamanı Vuçiçə qarşı qalmaqallı bir ittiham diqqəti cəlb edib.
Vuçiçin, 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı Sarayevo ətrafındakı snayperlər arasında olduğu iddiası ilə Milan Baş Prokurorluğunda cinayət işi açılıb. İtaliyanın ANSA agentliyinin verdiyi məlumata görə, xorvat araşdırmaçı jurnalist Domoqoy Margetiç Serbiya Prezidentinin də Sarayevonun mühasirəsi zamanı snayperlərin törətdiyi dəhşətli hadisələrdə də iştirak etdiyini iddia edib. Margetiç Vuçiçin Sarayevoda serb millətçilərinin dinc sakinləri hədəf aldığı hərbi mövqelərdə olduğunu göstərən dəlillər də təqdim edib.
Xatırladaq ki, 1992-1995-ci illər Bosniya müharibəsi zamanı snayperlərin törətdiyi dəhşətli hadisələr səbəbindən bir çox ağrılı anların yaşandığı Sarayevonun mühasirəsi, illər sonra Milan Baş Prokurorluğu tərəfindən başladılan istintaqla yenidən dünya diqqət mərkəzinə gəlib. Milan Baş Prokurorluğu bu yaxınlarda italyalı jurnalist və yazıçı Ezio Qavazzeninin fevral ayında verdiyi şikayəti qəbul edib. Qavazzeni, Bosniya müharibəsi zamanı həftəsonları İtaliyadan Sarayevoya gedərək "əyləncə" üçün serb snayperlərinə külli miqdarda pul ödəyib mülki Bosniya vətəndaşlarını hədəf alan varlı şəxslərin olduğunu bildirmişdi.
"1992-1996-cı illər arasında Yuqoslaviya vətəndaş müharibəsi zamanı Qərbdən olan varlılar - italyanlar, almanlar, fransızlar, britaniyalılar və s. istisnasız olaraq bütün Qərb ölkələrindən olan insanlar, xüsusən də Sarayevoda mülki şəxsləri öldürmək üçün külli miqdarda pul ödəyirdilər" - deyə Qavazzeni noyabrın 15-də Anadolu Agentliyinə (AA) müsahibəsində bildirib.
1992-1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı paytaxt Sarayevoda serb snayperlərin mülki şəxsləri hədəf aldığına 2021-ci ildə yeni görüntüləri ortaya çıxmışdı.
Xatırladaq ki, Sarayevoya 6 aprel 1992-ci ildə hücum edilib. Serb qoşunları tərəfindən mühasirəyə alınan və hər gün bombalanan şəhərdə, 3,5 illik mühasirə zamanı 1601-i uşaq olmaqla, ümumilikdə 11.541 mülki həlak olmuşdu.
TAHİR