Xaricdə yaşayan Gürcüstan vətəndaşlarının seçkilərdə səsvermə hüququ ləğv olunur.
Gürcüstanın Azərbaycandilli 24News.ge saytının yaydığı məlumata görə, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib. Ş. Papuaşvili qeyd edib ki, hazırlanan yeni Seçki Məcəlləsi çərçivəsində vətəndaşlar parlament seçkilərində yalnız Gürcüstan ərazisində səs verə biləcəklər.
Onun sözlərinə görə, xaricdə yaşayan vətəndaşların səsvermə hüququ dəyişməsə də, səsvermə proseduru yenilənir və parlament seçkilərində səsvermə yalnız ölkə sərhədləri daxilində mümkün olacaq. Bu qayda yerli özünüidarə seçkilərinə tətbiq edilən sistemlə eyni olacaq.
Papuaşvili vurğulayıb ki, qərar seçicilərə xaricdən təsir və siyasi təzyiq risklərini azaltmaq, iradənin sərbəst ifadəsini təmin etmək məqsədi daşıyır. O qeyd edib ki, yeni model İrlandiya, Malta, İsrail və Ermənistan kimi ölkələrin təcrübəsinə uyğundur.
İradə SARIYEVA