Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen Avropa Birliyi (AB) liderlərinə ünvanladığı məktubda Ukraynadakı münaqişənin 2026-cı ilin sonuna qədər bitəcəyini yazıb. Bu barədə "European Pravda" qəzeti məktubun surətinə istinadən məlumat yayıb.
"Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarına görə, müharibənin 2026-cı ilin sonuna qədər bitəcəyini fərz etsək və AB, üzv dövlətlər və beynəlxalq tərəfdaşlar tərəfindən verilən bütün dəstəyi nəzərə alsaq, Ukrayna yenə də yeni maliyyələşdirmə olmadan aradan qaldırılması mümkün olmayan əhəmiyyətli bir çatışmazlıqla üzləşəcək", - deyə sənəddə bildirilir.
AK prezidenti məktubunda Kiyevə yardım göstərmək üçün dörd parametri açıqlayıb. O hesab edir ki, Ukrayna 2026-cı ilin ikinci rübünün əvvəlində vəsait almalıdır və yeni maliyyə yardımı əlavə maliyyə yükü yaratmamalıdır. Bundan əlavə, maliyyələşdirmə kifayət qədər çevik olmalıdır. Fon der Leyen vurğulayıb ki, maliyyə yardımı yükü Kiyevin müttəfiqləri arasında bölüşdürülməlidir.
Daha əvvəl Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis "Zelenskinin pul kisəsi" kimi tanınan iş adamı Timur Mindiçin iştirak etdiyi korrupsiya sxeminin aşkarlanmasının müsbət bir hadisə olduğunu bildirmişdi.
SAMİRƏ