Polşanın şərqində Varşava ilə Lyublin arasındakı işlək dəmir yolu xəttində dünən səhər saatlarında partlayış olub.
Hadisə yerinə baş çəkən Polşa Baş naziri Donald Tusk dəmir yolu xəttində partlayışın təxribat olduğunu deyib: "Təəssüf ki, ən pis qorxduğumuz təsdiqləndi. Varşava-Lyublin marşrutunda təxribat aktı baş verib. Partlayıcı qurğunun partlaması nəticəsində dəmir yolu relsləri dağılıb".
Tusk hücumu "Polşa dövlətinin və vətəndaşlarının təhlükəsizliyini hədəf alan görünməmiş bir təxribat aktı" kimi xarakterizə edib və "arxasında kim olur-olsun, cinayətkarların tutulacağını deyib.
Polşa Daxili İşlər naziri Marçin Kirvinski də hadisənin təxribat olduğunu bildirib. O, eyni dəmir yolu xəttinin başqa bir hissəsində də dağıntılar aşkarlandığını və bu ərazinin də araşdırıldığını açıqlayıb.
Varşava-Lyublin xətti Avropadan Ukraynaya hərbi və humanitar yardım daşınması üçün ən vacib marşrutlardan biri kimi tanınır. Dəmir yolu xəttinin Ukraynaya hərbi və humanitar yardımın daşınmasında oynadığı mühüm rol, hücumun arxasındakı mümkün aktorlarla bağlı sualları daha da artırıb. Tusk xəttin qəsdən hədəfə alınmış ola biləcəyini deyib. Ekspertlərin fikrincə, Tusk bununla təxribatın arxasında Rusiyanın ola biləcəyinə işarə edib.
Partlayış sentyabrda 20-dən çox dron Polşa hava məkanına daxil olduqdan sonra artan gərginlik fonunda baş verib. Polşa və onun NATO müttəfiqlərinin hadisə ilə bağlı əlavə tədbirlər görəcəyi gözlənilir.
TAHİR