16/12/2019 00:17
728 x 90

Bakının bir addımlığında - Sahil qəsəbəsini ictimai marşrutsuz qoyan kimlərdir…

Mais Ağayev: “Marşrut xətlərinin yenilənməsi nəticəsində isə Sahil qəsəbəsindən birbaşa paytaxtın mərkəzinə işləyən rahat və təhlükəsiz avtobuslar fəaliyyət göstərəcək”

img

Qaradağ rayonunun Azərbaycanın xəritəsində, iqtisadiyyatında özünəməxsus yeri vardır. Burada böyük sənaye müəssisələri yerləşir. Qaradağ paytaxtın ən böyük sənaye rayonu olsa da, sosial-iqtisadi infrastrukturu digər rayonlara nisbətən zəifdir. Qeyd olunan rayonun Sahil qəsəbəsində yaşayan sakinlər marşrut problemindən əziyyət çəkir.

Sakinlər iddia edir ki, qəsəbədən Bakının mərkəzinə heç bir marşrut avtobusu işləmir. Bu səbəbdən sakinlər istədiyi ünvana getmək üçün ya taksi, ya da əlavə 2 marşrut xəttindən istifadə etməlidir. Bu isə əlavə vəsait və vaxt itkisinə səbəb olur.

Qeyd edək ki, təxminən 45 mindən çox əhalisi olan qəsəbədən paytaxtın mərkəzi hissəsinə heç bir marşrut avtobusu işləmir.

Onu da bildirək ki, problemdən ən çox əziyyət çəkənlər tələbələr və şəhərin mərkəzində işləyən sakinlər olur. Onlar tezliklə qəsəbədən paytaxtın mərkəzinə marşrut xəttinin açılmasını istəyirlər.

  • “Agentlik tərəfindən Sahil və Lökbatan qəsəbələri istiqamətində fəaliyyət göstərən daşıyıcı şirkət qarşısında bu problemin həll edilməsi üçün məsələ qaldırılıb”

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, qeyd edilən istiqamətdə mövcud problemlə bağlı agentliyə çoxlu sayda müraciətlər olub. M.Ağayev qeyd etdi ki, agentlik tərəfindən Sahil və Lökbatan qəsəbələri istiqamətində fəaliyyət göstərən daşıyıcı şirkət qarşısında bu problemin həll edilməsi üçün məsələ qaldırılıb: “Onlara yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, daşıyıcı şirkət problemin aradan qalıdırılması üçün heç bir tədbir görməyib. Elə buna görə də marşurt xətlərinin yenilənməsi işləri çərçivəsində problemə laqeyd yanaşan bu daşıyıcı şirkət marşrut şəbəkəsindən uzaqlaşdırılacaq. Əvəzində isə Sahil qəsəbəsindən birbaşa paytaxtın mərkəzinə işləyən rahat və təhlükəsiz avtobuslar fəaliyyət göstərəcək”.

Günel CƏLİLOVA

Son xəbərlər