“Sədərək” bazarında avtomobilləri yararsız hala düşmüş sürücülər çarəsiz durumda…

Bir neçə gün öncə yağan aramsız yağış “Sədərək” ticarət mərkəzinin giriş hissəsində olan ərazini bərbad vəziyyətə salıb. Nəticədə bir neçə avtomobil suda batıb, bəzilərinə isə ciddi zərər dəyib. Təbii ki, bu hal, ilk növbədə, avtomobil sahiblərini zərərə salıb. Yağış yağan günlərdə maşın sahibləri suda batan nəqliyyat vasitələrini həmin ərazidən çıxara bilməyiblər.
Avtomobil sahibləri deyirlər ki, ərazidəki vəziyyətdən xəbərsiz olan xeyli sayda avtomobil sahibi burada avtomobillə sudan keçməyə cəhd edərkən mühərriklər sıradan çıxıb. Avtomobili sudan zərər görmüş sürücülərdən biri hətta taxta parçası ilə maşının suya düşmüş nömrəsini axtarmalı olub.
Məlumdur ki, avtomobil sahibləri əksər hallarda nəqliyyat vasitələrini kasko sığorta etdirmirlər. Sürücülər icbari sığortaya üstünlük verirlər. Həmin avtomobillərin kasko sığortası olsa id, dəymiş zərər kasko şirkəti tərəfindən ödənilərdi. Qeyd edək ki, icbari sığorta olan zaman heç bir vəsait ödənilmir. Belə olan halda, vətəndaşa dəymiş ziyanı kim ödəməlidir? Sürücülər və ekspertlər bildirirlər ki, bu kimi hallarda hadisənin baş verdiyi ərazinin sahibi məsuliyyət daşıyır. “Sədərək” ticarət mərkəzinin infrastrukturu normal şəkildə qurulsa idi, avtomobillər suda batıb yararsız vəziyyətə düşməzdilər.
- “Ticarət mərkəzinə avtomobillərin girişi üçün 50 qəpik tələb olunur, həmin vəsaitlə “Sədərək” və “Binə”nin ərazisi və ora yaxın yollar təmir edilə bilər”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, “Binə” və “Sədərək” ticarət mərkəzləri yaxınlığındakı yol acınacaqlı vəziyyətdədir. Avtomobilinə dəymiş zərərə görə ərazi hansı quruma aiddirsə, məhkəməyə müraciət edərək, dəymiş zərəri tələb edə bilər: “Qanunvericiliyə əsasən, yol təsərrüfatında olan qüsur səbəbindən sürücülərə hər hansı zərər dəyərsə, həmin şəxs məhkəməyə müraciət edib, dəymiş zərəri tələb edə bilər. “Sədərək” ticarət mərkəzinin giriş hissəsindəki ərazidə yol təsərrüfatında olan qüsur səbəbindən avtomobillərə zərər dəyib. Bu səbəbdən də avtomobil sahibləri dövlət qurumları qarşısında iddia qaldıra və ya məhkəməyə müraciət edə bilərlər. Həmin orqanlar vətəndaşlara dəymiş zərəri ödəməlidirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, həmin ticarət mərkəzinə avtomobillərin girişi üçün 50 qəpik tələb olunur. Nəzərə almaq lazımdır ki, həmin mıəkana gün ərzində yüzlərlə avtomobil daxil olur: “Sədərək” ticarət mərkəzinin rəhbərliyi avtomobillərin girişi hesabına yüksək məbləğdə pul qazanır. Həmin vəsaitlə ticarət mərkəzinə aid, eyni zamanda, onun yaxınlığındakı yolları təmir edə bilər. Təəssüf ki, adıçəkilən ticarət mərkəzinin rəhbəri bu məsələ ilə bağlı heç bir təşəbbüs irəli sürmür”.
Günel CƏLİLOVA