Azərbaycan nə qədər inkişaf etsə də, Lerik rayonun elə dağ kəndləri var ki, artıq burada yaşamaq hər adamın işi deyil. Belə ağır həyatlı kəndlərdən biri Hamaratdır. Sosial problemlərin üzündən buranı tərk edənlər çoxdur. Cavanlar gedir, yaşlı nəsil isə əzab- əziyyət içində günlərini sayır.
Dövlət başçısı xalqın rahatlığı üçün bütün mütərəqqi üsullardan istifadə edir. Respublikamızda bankomatların quraşdırılması da məhz bu məqsədə xidmət edir. İndi Azərbaycan vətəndaşı bank-maaş, eləcə bank-kredit kartı ilə istədiyi vaxt pullarını heç bir çətinlik çəkmədən bankomatdan çıxara bilir. Lakin bu rahatlıq hamaratlı pensiyaçılar üçün problemə dönüb. Belə ki, kənddə, həm də qocaların gedə biləcəyi yaxın ərazilərdə bankomat yoxdur. Doğrudur, Hamarata 18 kilometr məsafədə yerləşən Piran kəndində bankomat quraşdırılıb. Lakin Hamarata ictimai nəqliyyat işləmədiyindən, kəndin yaşlı insanları bankomatın xidmətindən istifadə edə bilmir, aylarla pensiya üzünə həsrət qalırlar. Ona-buna ağız açmağın da bir faydası olmur.
Vəziyyətin gərginliyini nəzərə alıb yaşlı insanları üzləşdikləri çətinlikdən qurtarmaq bilavasitə səlahiyyətli şəxslərin vəzifə borcudur. Digər tərəfdən, bu, ölkə rəhbərinin onlardan tələbidir. Lakin nədənsə, Hamarat kəndinə yaxın, bir neçə yaşayış məntəqəsini birləşdirən ərazidə bankomatın quraşdırılması heç kimi maraqlandırmır. Halbuki, Respublikamızın bugünkü sürətli inkişaf dövründə bu heç də çətin iş deyil...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü